Dünya çempionu: Azərbaycanda oynamağa yaşım çatmadı
18.12.2012 - 12:46
Dünya çempionu: Azərbaycanda oynamağa yaşım çatmadı
2 gün əvvəl klublararası dünya çempionatının qalibi olan “Korintians”ın (Braziliya) futbolçuları Yaponiyadakı mundialda göstərdikləri oyunla dünya klublarının diqqətini cəlb ediblər. Apasport.az saytının məlumatına görə, yenicə dünya çempionu olan futbolçulardan hansınınsa Azərbaycan klubundan təklif alması inandırıcı deyil. Amma “Korintians”ın ulduzlarından biri ölkəmizdə oynamaq təklifi ilə qarşılaşıb.

Lakin bu, indi – braziliyalıların 2-ci dəfə çempion olduğu vaxt deyil, xeyli əvvəl olub. İndi “Korintians”da parlamaqda olan Gilyerme Andrade Azərbaycandan təklif aldığını özü açıqlayıb.

23 yaşlı müdafiəçinin sözlərindən belə çıxır ki, həmin təklif 2005-ci ildə olub: “16 yaşım olanda San-Paulu ştatının çempionatının II divizionunda parlamağa başladım. Həmin vaxt Azərbaycan və Fransa klublarından təkliflər almışdım. Lakin bu ölkələrdə oynayıb legioner həyatı yaşamağım üçün yaşım çatmadı. Bunun üçün də Avropaya getməyim mümkün olmadı və Braziliyada qaldım”.

Qeyd edək ki, “Korintians” dünya çempionatının dekabrın 16-da baş tutan finalında “Çelsi”ni 1:0 hesabı ilə məğlub edib.