Əfqan Talıbov: İstəyirsə, lap başı üstündə gəzsin
18.12.2012 - 14:15
Əfqan Talıbov: İstəyirsə, lap başı üstündə gəzsin
“Klubun vitse-prezidenti Namiq Məstanovla AFFA-nın baş katibi Elxan Məmmədov Andrey Popoviçin məsələsinə dair Bakıda görüşməli idi. Ancaq bu görüşün təfərrüatları haqda məlumatlı deyiləm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.

Sözügedən şəxslərin görüşündən sonra Popoviçə “Turan”da daha bir şans verilməsi qərara alınıb. Belə ki, o, qış fasiləsində yenidən icarə əsasında top qovduğu Tovuz təmsilçisinin düşərgəsinə qoşulacaq. Görəsən, alkoqol içkilərə aludə olduğu üçün komandadan qovulan qapıçıya yenidən qucaq açılması nə dərəcədə düzgündür?

Talıbov onlara müraciətin AFFA rəhbərliyindən olduğunu, bu üzdən qapıçıya yenidən şans verməyə qərar verdiklərini bildirib: “Bizə AFFA-dan bu məsələ ilə bağlı müraciət olunduqdan sonra, klub prezidenti, vitse-prezident və mən oturub bu haqda müzakirə apardıq. Nəticədə Namiq Məstanov bizim şərtlərimizi Bakıya gedərkən AFFA-ya çatdırdı. Futbolçu bilməlidir ki, məşq zamanı özünü oyunçu kimi aparmalıdır. Məşqdən sonra istəyirsə, lap başı üstündə gəzsin. Bunun mənə dəxli yoxdur. Klubun nizam-intizam qaydalarını pozan hər bir futbolçu para cəzası ilə cərimələnəcək. Məncə, futbolçu üçün bundan böyük cəza ola bilməz. Popoviçə də milli naminə sonuncu şansı vermişik. Hələ onun özü ilə danışmamışıq. Amma bir də klubdaxili qaydaları pozarsa, bu dəfə birdəfəlik xaric olunacaq”.

Qeyd edək ki, buna bənzər hadisə bu mövsüm bir dəfə yaşanıb. AFFA rəhbərliyi “Xəzər Lənkəran” klubundan Kamran Ağayevin komandaya qaytarılmasını xahiş etmişdi. Bu xahiş yerinə yetirilsə də, sonradan Kamran düşərgəni naməlum səbəblərdən tərk etmişdi.

Səbuhi TOFİQOĞLU