“Turan”: ya Batumi, ya Antalya
18.12.2012 - 15:12
“Turan”: ya Batumi, ya Antalya
“Komandamın ölkə xaricində təlim-məşq toplanışı keçməsi nəzərdə tutulub. Ancaq hələlik konkret hansı ölkəyə gedəcəyimiz dəqiqləşməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.

Artıq əksər klublarımızın qış fasiləsində təlim-məşq toplanışlarını harda keçirməsi məlumdur. Ancaq ilk “altılığ”a iddia edən “Turan”da hələ bu məsələ dəqiqləşməyib.

Talıbov Gürcüstan və Türkiyə variantlarından birinə üstünlük verəcəklərini bildirdi: “İnşallah, komanda yanvarın 5-8-də Tovuzda bir araya gələcək. Onlardan test götürüləcək, həkim müayinəsi olacaq. Yanvarın 15-dən isə ölkə xaricinə təlim-məşq toplanışı üçün yollanacağıq. Bu toplanış 14 günlük olacaq. Fevralın 1-də isə Tovuza gəlib adaptasiya prosesi keçəcəyik. Toplanış üçün Gürcüstanın Batumi şəhərinə gedə bilərik. Bu bizim üçün maliyyə baxımından sərfəli variant olsa da, yoxlama oyunları keçirmək baxımından o qədər uğurlu deyil. Bu üzdən Antalyaya da getmək istəyirik. Çünki ora hər ölkədən müxtəlif klublar gəldiyindən, rəqib tapmaqda çətinlik çəkmirsən”.

Səbuhi TOFİQOĞLU