“Xəzər Lənkəran” arzuolunmaz rəqibdir” - MÜSAHİBƏ
18.12.2012 - 16:21
“Xəzər Lənkəran” arzuolunmaz rəqibdir” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- AFFA-nın milli komandaların mükafatlandırma mərasimində iştirak edə bilmədiniz. Ötən il qaliblərdən biri olsanız da, bu tədbirə qatılmamağınız maraq doğurur...
- Həmin vaxt həkimin yanında idim. Elə oldu ki, rentgen müayinəsi uzun çəkdi, tədbirə qatıla bilmədim.

- İndi zədəniz nədir?
- Yenə dizimdə problem var. Oyunda bunu hiss etdim, sonradan məşqdə özünü göstərdi.

- Müayinə nə göstərdi?
- Dizimdə maye yığılıb. Bu da ağrılara səbəb olur.

- Belə çıxır ki, “Xəzər Lənkəran”la ilin sonuncu matçında oynamayacaqsınız...
- Hələ bilinmir. Oyun öncəsi məlum olacaq.

- Hələ oktyabrda Rusiya ilə oyundan öncə dizinizdə problem vardı. Bundan sonra Türkiyədə cərrahiyyə əməliyyatı oldunuz. Problem niyə hələ də həll olunmur?
- Bilirsiniz, diz elədir ki, ora ağrıkəsici iynə vurmaq olmaz. Mənə bunu Türkiyədə olduğum vaxt həkimlər dedilər. Çünki onsuz da dizdə ödəm var və iynə vurulandan sonra maye daha da artır. Ancaq Rusiya ilə matça hazırlıq öncəsi həkimlər dizimə iynə vurdular və indiyə kimi bunun əziyyətini çəkirəm. Ancaq bu iynəni yandan vurmaq olardı.

- Belə çıxır ki, yığmanın həkimləri bunu bilməyiblər?
- Bilmirəm. Həmin vaxt vurulan iynədən sonra məşqə çıxdım və indiyə kimi öz fəsadını göstərir.

- Mükafatlandırmanın nəticələrini necə dəyərləndirərdiniz?
- Nəticələrin belə olacağını gözləmək olardı. Bu il yığmamızda seçilən futbolçu az oldu. Hamı özünü göstərə bilmədi. Seçmə mərhələdə 2 qol vurduq. Bunların da müəllifləri Ruslan Abışovla Rauf Əliyev idi. Onlar da ilin ən yaxşı futbolçusuna namizədlər idi. Gözlənilirdi ki, Ruslanla Raufdan biri qalib olacaq. Sonda Abışov ən yaxşı oldu və bu seçimi layiqli sayıram.

- Ruslanı təbrik etmisiniz?
- Hələ yox. Onsuz da 2 gündən sonra Ruslanla görüşəcəyik. “Xəzər Lənkəran”la oyun zamanı onu təbrik edəcəyəm.

- Yeri gəlmişkən, bu matçdan nə gözləyirsiniz?
- “Xəzər Lənkəran”la oyunlarımız həmişə gərgin keçib. Bu, xüsusilə son dövrlərdə özünü göstərir. Bu komanda ilə matçlarımız çətin alınır. “Xəzər Lənkəran” artıq bizim üçün arzuolunmaz rəqibə çevrilib. Yadınızdadırsa, ötən il də son oyunda lənkəranlılara uduzmuşduq. İlk dövrədə də Lənkəranda yenildik. Budəfəki oyuna daha ciddi hazırlaşırıq. Çalışacağıq ki, həmin səhvləri buraxmayaq. Həm də liderlər qrupundan uzaqlaşmamaq üçün bizə qarşıdakı oyunda qələbə vacibdir.