“Xəzər Lənkəran”ın rəqibləri üçün 25-ci
18.12.2012 - 18:41
“Xəzər Lənkəran”ın rəqibləri üçün 25-ci
Topaz Premyer Liqasının XVII turunun “Neftçi” ilə oyunu “Xəzər Lənkəran”ın qapısına növbəti penaltinin təyin edilməsi ilə əlamətdar oldu. Apasport.az-ın cənub klubunun rəsmi saytına istinadən məlumatına görə, Fariz Yusifovun “ağ-yaşıllar”ın qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsi lənkəranlıların 8 illik tarixində 25-ci belə cəzadır. İlk dəfə belə sınaq qarşısında olan Orxan Sadıqlı Premyer Liqanın bombardiri Nikolas Kanalesin zərbəsini dəf etdi.

Bu, “Xəzər Lənkəran” qapısına təyin olunan lakin qolla nəticələnməyən 6-cı zərbə oldu. Bunadək Kamran Ağayevlə Dmitri Kramarenko hərəyə 2, Aleksandr Martyoşkin 1 dəfə rəqiblə dueldən qalib ayrılıb. İlk dəfə belə duelə çıxan Sadıqlı isə rəqib penaltisi zamanı qapıda duran 5-ci “Xəzər Lənkəran”lı oldu: Kamran Ağayev – 13 penal (11 qol), Dmitri Kramarenko – 6 (4), Aleksandr Martyoşkin – 4 (3), Kamal Bayramov – 1 (1), Orxan Sadıqlı – 1 (0).

Bu penalti “Böyük oyun”larda 5-ci belə zərbə oldu. “Xəzər Lənkəran” hər 2 şansından yararlanıbsa, “Neftçi” 3-cü cəhddə 2-ci dəfə zərbəni boşa verdi.

Qeyd edək ki, bu 25 zərbədən başqa “Xəzər Lənkəran” oyunsonrası penaltilər seriyalarındakı 20 zərbədən yalnız 13-nü buraxıb.