“Sumqayıt”ın canına vəlvələ düşüb: Hələ heç nə bilinmir
19.12.2012 - 13:57
“Sumqayıt”ın canına vəlvələ düşüb: Hələ heç nə bilinmir
“Komandanın qış fasiləsindəki hazırlıq planına hələ aydınlıq gəlməyib”. Bunu apasport.az saytına açıqlamasında “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib.

Quliyev bütün məsələlərə növbəti turdan sonra aydınlıq gələcəyini bildirib: “Sabah “Kəpəz”lə oyunumuz var. Hələ bu qarşılaşmanı düşünürük. Nə komandadan gedəcək futbolçular, nə də keçirəcəyimiz təlim-məşq toplanışının məkanı müəyyənləşməyib. Dekabrın 21-də toplanışı harda keçirəcəyimizə aydınlıq gətirəcəyik və bunu rəsmi şəkildə açıqlayacağıq”.

Maraqlıdır ki, maliyyə baxımından daha acınacaqlı vəziyyətdə olan “Turan”da planlara aydınlıq gəldiyi halda, Kamran bəy “Sumqayıt”da hələ hər şeyin naməlum olduğunu bildirir. Bunun səbəbi isə çox aydındır. “Sumqayıt” rəhbərliyinin canına vəlvələ düşüb.

Çünki komanda autsayder “Kəpəz”i evdə məğlub edə bilməsə, faktiki olaraq “kimyaçılar” ilk “altılıq”dan kənarda qalacaq. Qış fasiləsindən sonrakı növbəti 4 turda isə “Sumqayıt”ın “Bakı”, “Qarabağ” və “Xəzər Lənkəran”ı yenəcəyi inandırıcı görünmür.

Bu isə Sumqayıt klubunun xərc çəkib, boşuna Antalyaya yollanmasının qarşısını alır.

Səbuhi TOFİQOĞLU