Aleksandr Petrakov: Turnir öncəsi çoxlu itkilərimiz var
19.12.2012 - 17:38
Aleksandr Petrakov: Turnir öncəsi çoxlu itkilərimiz var
“Oyunçularımın bir hissəsi noyabrın 13-də, digər hissəsi isə dekabrın 1-də yarışları başa vurub. Buna görə də ilk növbədə məqsədimiz futbolçuların funksional hazırlığını bərpa etməkdir. Onları çox çətin və gərgin turnir gözləyir. Süni örtüklü meydançada 9 günə 5 oyun keçirmək heç də asan deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna U-18-nin baş məşqçisi Aleksandr Petrakov deyib.

Yanvarın 5-də Sankt-Peterburqda 1995-ci il təvəllüdlü futbolçular arasında keçirilən ənənəvi beynəlxalq turnirə qatılacaq Ukrayna bundan öncə Belarusun Qomel şəhərində toplanış keçəcək. Petrakovun yetirmələri orda üstü açıq meydançada Belarusun I və II dəstə komandaları, eləcə də “Qomel”in əvəzediciləri ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Dekabrın 28-i və 30-da bu komandalarla günə 2 oyun keçiriləcək. Bunun üçün komanda 2 hissəyə bölünəcək. Ukrayna özünü bu toplanışda yaxşı tərəfdən göstərən ən yaxşı 18 futbolçu ilə yanvarın 3-də Rusiyaya yola düşəcək.

Petrakov müsahibəsində heyətdəki zədəli oyunçularından da danışıb: “Təəssüf ki, turnir öncəsi çoxlu itkilərimiz var. Əsas heyət oyunçularımız zədədən sonra bərpa prosesi keçir. Bunlar Nikita Burda, Roman Lazaroviç, Dmitri Belonoq, Nikita Bezuqlı, İqor Kalinin və Nikita Vetrovdur”.

Qeyd edək ki, Ukrayna Çexiya və Litva ilə birgə millimizlə bir qrupda yer alır.