“Neftçi”nin seriyası dayandı, bəs “Mançester Yunayted”in?
19.12.2012 - 17:47
“Neftçi”nin seriyası dayandı, bəs “Mançester Yunayted”in?
“Neftçi”nin Topaz Premyer Liqasında seriyası dayanıb. Apasport.az saytının məlumatına görə, bakılılar cari mövsümdə ilk dəfə heç-heçə edib. Bu, “Bakı” ilə I turdan təxirə salınan dünənki oyunda baş verib ki, 8-ci km qəsəbə stadionunda keçirilən həmin matç 1:1 hesabı ilə nəticələnib.

Əslində, “Neftçi” həmin oyunda hesabda 1:0 irəlidə olsa da, “Bakı”nın futbolçusu Əziz Quliyev son dəqiqələrdə vurduğu qolla rəqibinin seriyasını dayandırıb. Bununla da cari mövsümdə heç-heçə etməyən komandamız qalmadı. Özü də “Neftçi”nin seriyasının ən sülhsevər komanda – 10 dəfə heç-heçə edən “Bakı” ilə matçda qırılmağı diqqət çəkir.

Seriyası 20-ci oyunda dayanan “Neftçi” sonuncu dəfə ötən mövsümün XXVI turunda “Qarabağ”la qolsuz bərabərlikdən sonra 11 qələbə qazanıb və 9 dəfə məğlub olmuşdu. “Neftçi”nin çempionatdakı son “sülh”ü aprelin 1-də qeydə alınmışdı.

Komanda 1992-ci ildə baş tutan ilk mövsümdə startdakı 26 oyunda heç-heçə etməmişdi. Həmin matçlarda bakılılar 24 qələbə qazanaraq, cəmi 2 dəfə uduzmuşdu.

Maraqlıdır ki, “Neftçi” kimi “Mançester Yunayted”in də bərabərliksizliyi 20-yə çatıb. Ancaq bakılılardan fərqli Mançester təmsilçisinin seriyası dayanmayıb. O, növbəti turda dekabrın 23-də “Suonsi”nin qonağı olacaq. Müqayisə üçün deyək ki, Avropada məşhur klublardan Çempionlar Liqasının 1/8 final mərhələsinə çıxan “Şaxtyor” 27 oyundur heç-heçə etmir.