“Topçular” 5 futbolçusunu heyətində saxladı
20.12.2012 - 07:25
“Topçular” 5 futbolçusunu heyətində saxladı
London “Arsenal”ı 5 gənc futbolçusu ilə yeni müqavilə imzalayıb. Apasport.az-ın klubun rəsmi internet saytına istinad məlumatına görə, bunlar Kiran Gibs, Karl Cenkinson, Aleks Oksleyd-Çemberlen, Aaron Remsi və Cek Uilkşirdir. Yeni müqavilələr barədə məlumat verilməsə də, onların uzun müddətli olduğu qeyd edilir.

Bu barədə “topçular”ın baş məşqçisi Arsen Venger də açıqlama verib. O, gənc futbolçuları komanda da saxladığı üçün xoşbəxt olduğunu bildirib:

“Mən 5 oyunçumuzla uzun müddətli müqavilə imzaladığımız üçün çox xoşbəxtəm. Bunlardan ən çox təcrübəlisi Cekdir. Hədəfimiz gənclərlə işləyib, onlarla uğurlar əldə etməkdir”.

Qeyd edək ki, “Arsenal” Teo Uolkotla da müqaviləsinin müddətini uzatmağı planlaşdırır. Lakin hər iki tərəf, bu barədə hələ razılığa gələ bilmir.