Qiyamət, ağ yalan, qara palçıq
20.12.2012 - 12:05
Qiyamət, ağ yalan, qara palçıq
Elə yenicə “Sağ olsun Sadıq müəllim” deməyə başlamışdılar...

Telekanallara ikibir-üçbir çıxıb pafosla danışırdılar...

İtaliya “İnter”inin 15-16 yaşlı uşaqlarına futbol dərsi keçməklərindən dəm vururdular.

“Dəm”lənə bilmədilər...

Sözləri ağızlarında qaldı.

Palçığa batdılar.

Üstlərinə çamur atdılar.

Əvvəlcə “Neftçi”yə “Xəzər Lənkəran” yerini göstərdi. Klub prezidenti Sadıq Sadıqova Türkiyədə verilən mükafatın dadı-duzu Lənkəran palçığına qərq oldu. Avropa Liqasının qrup mərhələsindəki 3 heç-heçəsini aləmə car çəkən komanda elə bir uşaq səhvi buraxdı ki, məhəllə futbolunda da belə hala rast gəlməzdin. Oyundan sonra da Böyükağa Hacıyevin üzünə “İki ildir ki, hakimlərin hesabına çempion olursuz” sözlərini çırpdılar.

Az sonra Belarus yığmasının sabiq baş məşqçisi Gennadi Tumiloviç “Neftçi”nin pul hesabına Avropa Liqasına vəsiqə qazandığını dedi. Komandanın alın təri çamura qərq oldu. Klub rəhbərliyi isə Tumiloviçi yox, onun sözlərini dərc edən Azərbaycan mətbuatını hədəfə aldı. Az qala həmkarlarımızın üstünə qoçu dəstələri göndərməyə başlamışdılar.

Ölkənin ən yaşlı klubunun vitse-prezidenti Tahir Süleymanov müdriklik nümayiş etdirmək əvəzinə, Tumiloviçin yox, Azərbaycan mətbuatının ünvanına “döşəməklə”, Sizlə Bizin yerini səhv salmaqla məşğuldur. Bu məqamda Lent.az saytı olaraq, “Neftçi”yə çamur atanın özü ilə əlaqə saxlamağın gərəkliliyini hiss etdik. Halbuki bu işi klubun özü də görə bilərdi və bütün mətbuata “səbəbkar”ın dilindən əsl həqiqəti çatdırardı. Amma onlar ən ucuz yolu seçdilər.

Biz isə müsahibə alarkən məlum oldu ki, Tumiloviçin “güclü maliyyə hesabına” sözü “pul hesabına” kimi ifadə olunub, özü isə heç Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil etmiş klubun adını bilmir. Onun fikrincə, tarixi nailiyyətə imza atan klubumuz 75 yaşa malik “Neftçi” yox, ondan az qalan 10 dəfə kiçik olan Bakı “İnter”i imiş. Sonda Tumiloviç “ağ yalan”ına görə bütün Azərbaycandan üzr istədi.

Bax belə... Qiyamət günü yaxınlaşır. Hətta o dərəcədə yaxındadır ki, Peşəkar Futbol Liqası həmin günə oyun salmayıb. Hamı o günə hazırlaşır. Hərə bir yanda özünə sığınacaq axtarır. “Neftçi”dən başqa...

Elşən MƏMMƏDOV