Bernhard Raab: Fasilədə səsimi ucaltmalı oldum
20.12.2012 - 18:50
Bernhard Raab: Fasilədə səsimi ucaltmalı oldum
“Komandamız ilk hissədə çox pis oynadı. Futbolçular dağınıq oynayırdılar, sanki özlərində deyildilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib. Almaniyalı çalışdırıcı Topaz Premyer Liqasında “Kəpəz”lə oyunda əzmkar qələbəyə sevinib. Belə ki, sumqayıtlılar son pillənin sahibi ilə ev matçında 3 xalı yalnız son dəqiqələrdə vurduqları 2 qolla təmin ediblər.

Raabın sözlərinə görə, ilk hissədən sonra futbolçularını tənbeh etməli olub: “Fasilədə paltardəyişmə otağında səsimi ucaltmalı olaraq, yetirmələrimə iradlarımı çatdırdım. Bu, öz bəhrəsini sonda verdi. İkinci hissənin əvvəlində də zəif oyunumuz davam etdir. Bunun nəticəsində qapımızda top gördük. Ancaq son dəqiqələri matçı öz xeyrimizə həll edə bildik. Futbolçularıma çox sağ ol deyirəm ki, 4 gündə bizə vacib olan 6 xalı qazandılar”.