“Yeni transferlərdən sonra səhv olmayacaq”
21.12.2012 - 11:00
“Yeni transferlərdən sonra səhv olmayacaq”
“Qarabağ” klubunun albaniyalı müdafiəçisi Admir Telinin apasport.az saytına müsahibəsi

- İlin son oyununda çətin və həlledici qələbə qazandız. Bununla da ilk “altılıq”da olma şanslarınızı möhkəmlətdiz...
- Mən də düşünürəm ki, çətin oyun oldu. Bu qələbə fasilə öncəsi çox əhəmiyyətli idi. Ümumiyyətlə, bizim üçün hər bir qarşılaşmada qazanılan xalların önəmi var. Biz “Xəzər Lənkəran” üzərində qələbə qazanmaqla turnir cədvəlində yerimizi qoruduq. Rəqib doğrudan da çətin komanda idi. Onların da qol vurmaq şansları oldu. Ancaq biz əlimizə düşən imkanlardan birindən yararlana bildik.

- Hücum xəttindəki problemlərinizi nəzərə alanda mövsümün ilk hissəsini yaxşı başa vurduğunuzu demək olarmı?
- Fasilədə yeni transferlər ediləcək. İnanıram ki, onlar komandanın daha da yaxşı çıxış etməsinə səbəb olacaq. Turnir cədvəlində vəziyyətimiz heç də pis olmasa da, ilk 6 ay ərzində çoxlu səhvlər buraxdıq. “Kəpəz”, “Rəvan” kimi zəif rəqiblər önündə yersiz xal itkilərinə yol verdik. Ancaq bayaq qeyd etdiyim kimi, yeni transferlər edildikdən sonra səhvlərimiz aradan qalxacaq.

- Vüqar Nadirov gözəl qola imza atdı. Bu qol haqda nə deyə bilərsən?
- Doğrudan da çox mükəmməl qol alındı. Ümid edirəm ki, Vüqar hər oyunda belə qollar vuracaq.

- O, məşqlər zamanı belə zərbələr üzərində ayrıcamı işləyir?
- Hamı bilir ki, Vüqarın güclü və dəqiq zərbələri var. Ancaq bununla belə, o, məşqlərdə də bunun üzərində çalışır. Deyərdim ki, bu onda yaxşı alınır. Yaxşı ki, o, Kristmas bayramı ərəfəsində qələbəmizə belə gözəl qolla töhfə verdi (gülür).

- Hazırda istirahətdəsiz. Nə vaxt ölkənizə gedəcəksiz?
- Dekabrın 22-də Albaniyaya qayıdacam. Sabah (söhbət dünən olub – red.) isə rəhbərliyin futbolçularla iclası olacaq. Keçirdiyimiz oyunların təhlili aparılacaq. Məhz bundan sonra bütün legionerlər ölkəsinə qayıdacaq.


Səbuhi TOFİQOĞLU