“98”in qurbanı
21.12.2012 - 13:00
“98”in qurbanı
Topaz Premyer Liqasının XVIII turunun “Simurq” – “Rəvan” matçının nəticəsi ləğv olunacaq. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada legioner limitinin pozulması səbəbində bu nəticə nəzərə alınmayacaq.

Belə ki, çempionatımızda hər komanda eyni vaxtda maksimum 7 legionerin xidmətindən yararlana bilər. Lakin “Rəvan” qarşılaşmanın gedişi zamanı 4 dəqiqə 8 əcnəbiyə güvənib. Bu isə çempionatın Əsasnaməsinə ziddir.

Belə ki, Peşəkar Futbol Liqasının hazırladığı “2012/13-cü il mövsümü XXI Azərbaycan Premyer Liqası, I divizion və Azərbaycan kuboku uğrunda yarışların Əsasnaməsi, İntizam Qaydaları və Təqvimi”ndə belə qayda pozuntuları üçün xüsusi cəza nəzərdə tutulub. İntizam qaydalarının 98-ci maddəsində məhz limit pozuntusu haqda yazılıb: “Premyer Liqa, Azərbaycan kuboku, I divizion və əvəzedici komandaların matçları zamanı nəzərdə tutulmuş limit pozulduqda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir”.

Qeyd edək ki, qarşılaşmanın 68-ci dəqiqədə Tural Cəlilovun əvəzinə meydana Nemanya Vidakoviç çıxıb. 4 dəqiqə meydanda 8 legionerlə oynayan “Rəvan” bu səhvini 72-ci dəqiqədə Fransis Bosmanı Rüfət Cəlilovla əvəzləyəndən sonra düzəldib.

Azərbaycan çempionatında çıxış edən komandalar start heyətində 7 legionerlə meydançaya çıxmalıdır. Meydana çıxan ən azı 4 yerli futbolçudan da birinin yaşı 21-dən yuxarı olmamalıdır.