İlqar Qurbanov: Orda futbolçular ancaq pulu düşünürlər - MÜSAHİBƏ
21.12.2012 - 16:21
İlqar Qurbanov: Orda futbolçular ancaq pulu düşünürlər - MÜSAHİBƏ
“Qarabağ” klubunun futbolçusu İlqar Qurbanovun apasport.az saytına açıqlaması

- Premyer Liqanın XVIII turunda “Xəzər Lənkəran”a minimal hesabla qalib gəldiz. Qarşılaşma haqda ümumi fikirləriniz necədir?
- Çətin keçdi. Nəticəsi bizim üçün yaxşı bitdi. Bu elə oyun idi ki, bir qol vuran qələbə qazanacaqdı. Göstərdik ki, biz bu oyunda daha çox qələbəni istəyirdik. Adətən belə deyirlər ki, legionerlər son tur öncəsi çemodan əhval-ruhiyyəsində olduqlarından, zəif təsir bağışlayır. Ancaq bizdə bu hiss olunmadı.

- Qol gözəl alındı, ancaq bu qolda bəxtiniz də gətirdi...
- Niyə bəxtimiz gətirdi, Vüqar həmişə belə qollar vurub. İki tur bundan qabaq “Neftçi”yə də gözəl qol vurmuşdu...

- Yox, onu demək istəmirik. Məqsədimiz hücum xəttində olan problemlərinizi qabartmaqdır. Yəni bu qol olmasaydı, oyun qolsuz heç-heçə ilə də başa çata bilərdi...
- Onu düz qeyd edirsiz ki, bu mövsüm irəlidə oynayan futbolçularımız az qol vurub.

- Necə düşünürsüz, yeni transferlər olsa, komandanın bu problemini həll etmək olar?
- Bilmirəm. Buna məşqçilər heyəti cavab verə bilər.

- Qarşıdakı planlar necədir?
- Həmişə olduğu kimi istirahətdən öncə iclasımız olacaq. Bizə istirahət dönəmində məşq proqramları veriləcək. Oyunlarımız analiz ediləcək. Məncə, bu mövsüm bizim üçün yaxşı keçir. Ayın 23-də mən də Türkiyəyə istirahətə gedəcəm.

- Türkiyə demişkən, ordan yenə sizə təkliflər var?
- Var, ancaq aşağı dəstə klublarından. Ora isə getmək istəmirəm. Çünki hazırda I divizion klubları maliyyə baxımından korluq çəkir. Cavid və Raillə müntəzəm olaraq əlaqə saxlayıram. Yenə “Dənizlispor”da maliyyə baxımından vəziyyət yaxşıdır, ancaq Cavidin komandasında pul yoxdur. Orda futbol yaddan çıxıb. Çünki futbolçular pulu düşünürlər. Nə vaxt maaş alacaqlarını gözləyirlər. “Qarabağ”da artıq formaya düşmüşəm. İstəyirəm, əsas heyətdə oynayıb milliyə də çağırılım. Artıq bəsdir...

Səbuhi TOFİQOĞLU