“Dinamo”: Cavid İmamverdiyev kimdi?
21.12.2012 - 17:21
“Dinamo”: Cavid İmamverdiyev kimdi?
Kiyevin “Dinamo” klubunun idman direktorunun müavini, komandanın heyətində 6 dəfə SSRİ çempionu olmuş Vladimir Veremeyevin apasport.az saytına müsahibəsi

- “Neftçi” klubunun futbolçusu Cavid İmamverdiyevin sizin komandaya keçidi barədə xəbərlər yayılıb. Bunlar nə dərəcədə həqiqətəuyğundur?
- Bunu ilk dəfə sizdən eşidirəm...

- Belə çıxır ki, yayılan xəbərlər dezinformasiyadır...
- Mənim bundan xəbərim yoxdur. Ümumiyyətlə, belə bir futbolçu tanımıram.

- Sizin xəbəriniz olmadan, belə bir transferin baş tutması mümkündürmü?
- “Dinamo”da bütün seleksiya işlərinə mən cavabdehəm. Mənim xəbərim olmadan hansısa transfer gerçəkləşmir. Bu, yalnız 1 halda istisna təşkil edə bilər. Bu da klubun prezidenti İqor Surkisin özü hansısa oyunçunu kluba cəlb edərsə.

- “Neftçi” Avropa Liqasının qrup mərhələsində çıxış edib. Ola bilərmi ki, oradakı oyunlar zamanı İmamverdiyev İqor Surkis tərəfindən bəyənilib?
- Xeyr. “Neftçi”nin oyunlarını “Dinamo” tərəfdən heç kim izləməyib axı.

- Azərbaycan çempionunun oyunlarından heç birini izləməmisiniz?
- Buna vaxtımız yoxdur.

- Bəs Azərbaycandan başqa futbolçunun “Dinamo”ya keçidi gündəmə gələ bilərmi?
- Yox. Bu, bizim planlarımıza daxil deyil. Hazırda məqsədimiz heyəti gücləndirməkdir. Bunun üçün də daha güclü futbol ölkələrindən oyunçular gətirməyi nəzərdə tutmuşuq. Bizə azərbaycanlı futbolçu lazım deyil.