Tuyqun Nadirov: Borcunu bağlayıb, sərbəst olsun
21.12.2012 - 18:24
Tuyqun Nadirov: Borcunu bağlayıb, sərbəst olsun
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- Komandanız qış fasiləsinə məğlubiyyətlə yollandı. “Qarabağ”a 0:1 hesablı yenilginin səbəbini nədə görürsünüz?
- Təəssüf ki, 3 xal itirdik. Futbolçular meydanda sona kimi vuruşdular, əllərindən gələni etdilər. Qol vurmaq şanslarımız var idi. Top 2 dəfə qapı dirəyinə dəydi. Bir epizodda futbolçumuz təkbətəkdən yararlana bilmədi. Həmin gün bəxt biz tərəfdə deyildi. Üstəlik, 2 hücumçumuz oynamırdı. Bu səbəbdən digər mövqeyin futbolçularını hücumda oynatmalı olduq.

- Hücumçularınız Branimir Subaşiçlə Dimitrias Sialmasın yoxluğu nə ilə bağlı idi?
- Hər ikisi zədəli idi. Subaşiçin ayağında yırtıq, Sialmasda gematoma var. Bu üzdən oynaya bilmədilər.

- “Xəzər Lənkəran”ın cari mövsümdə çıxışına necə qiymət verərdiniz?
- Komanda qış fasiləsinədək olan bu müddət ərzində çox böyük çətinliklərlə üzləşdi. Heyətin kasad, futbolçuların zədəli olmağı özünü göstərdi. Zədəlilərin əvəzinə istər-istəməz digərlərini oynatmaq olur. Görürsən ki, hansısa futbolçu bir oyunda özünü yaxşı tərəfdən göstərə bilmir. Ona layiqli əvəzləyici olanda, futbolçular arasında rəqabət yaranır. Yəni, bunlar hamısı şərtdir. Aydın məsələdir ki, bu gün Azərbaycan çempionatı heç də bütün standartlara cavab verən meydançalarda keçirilmir. Təəssüf ki, Gəncədə və Tovuzda meydançalar çox bərbad vəziyyətdədir. Sizi inandırıram ki, ordakı oyunlardan sonra komandanın özünə gəlməyi üçün günlər, həftələr lazımdır. Bu işlər Peşəkar Futbol Liqasının boynuna düşür. Onlar klublar qarşısında şərt qoymalıdır ki, ən azından meydança futbolçuya xəsarət verə biləcək vəziyyətdə olmamalıdır.

- Heyətdə problemin olmamağı üçün yeni transferlərin həyata keçirilməsi vacibdir. Bu yöndə işlər necə gedir?
- Nümayəndələrimiz artıq bu məsələlərlə məşğuldurlar. Türkiyə, İspaniya, Rumıniyada çıxış edən bir neçə legioner var ki, onlarla maraqlanmışıq. Bundan əlavə, maraq dairəmizdə Qana, Nigeriya gənclər yığmasının futbolçuları var. Bəziləri təlim-məşq toplanışına gələcək. Bu zaman baş məşqçi öz qərarını verəcək. Yəni, əsasən heyətlə bağlı çatışmazlıqlar aradan götürülmək üzrədir.

- Belə demək olar ki, 5-6 legioner transferi gözlənilir?
- Təbii. Komandamız bu 6 ay ərzində sonuncu pilləyə də düşdü, çox sayda xal itkisinə məruz qaldı, tarixində məğlub olmayan komandalara da uduzdu. Ancaq sonradan “Xəzər Lənkəran” yüksəlişdədir. Bunların hamısının səbəbi heyətlə bağlı olan problemlərdir. Heyət formalaşandan sonra bu problemlər də avtomatik olaraq aradan qalxacaq.

- Türkiyəli hücumçu Gökhan Güləçlə anlaşmaq üzrəsiniz. Bu transferi o deməkdir ki, digər ön xətt oyunçusu, müqaviləsi bitən millimizin üzvü Branimir Subaşiçlə yollarınızı ayıracaqsınız?
- Düzdür, onunla müqavilə bitib. Subaşiçin qalması baş məşqçidən asılıdır. Komandamız yanvarın 14-dən Antalyada təlim-məşq toplanışına başlayacaq. Həmin vaxt baş məşqçi heyətlə bağlı qərar verəcək.

- Yeri gəlmişkən, ötən ay baş məşqçi postuna keçən ispaniyalı Karles Martorell Bakesin işinə necə qiymət verərdiniz?
- Fikrimcə, onun işinə qiymət vermək hələ tezdir. Baş məşqçimiz noyabrın 16-da işinə başlayıb. Ondan bu müddətə kimi əlində olan futbolçulardan, durumdan maksimum istifadə edib. Misal üçün, komandanı ölkə kubokunda 1/8 finaldan 1/4 finala çıxardıb. Təbii ki, məğlubiyyət də var, heç-heçə də. Əsas odur ki, mübarizə aparan, xarakter göstərən bir komanda formalaşıb.

- Cari mövsümdə qapıda gənc Orxan Sadıqlı dayandı. Qışda əcnəbi qapıçı transferi nəzərdə tutulub?
- Orxan öz yetirməmiz, gənc, perspektivli futbolçumuzdur. Əlimizdən gələni edirik ki, o, heyətdə olsun. Sadıqlı nə qədər çox durarsa, bir o qədər təcrübəsi artar. Ancaq bu, futboldur, qapıçının zədəsi, cəzası ola bilər. Ona layiqli bir əvəzedici olmalıdır ki, problem yaşanmasın. Buna görə də qapıçı cəlb etmək planımızda var.

- Müqavilə ilə sizə məxsus olan Kamran Ağayev başqa kluba keçidinin baş tutmamağı ilə bağlı fikirlər səsləndirib. Bildirib ki, rəhbərliyin istədiyi transfer məbləği böyükdür, reallığa uyğun deyil...
- Kamrana görə tələb olunan məbləğ necə böyük ola bilər ki, bu, klubumuzdan aldığı pulun 1/3 hissəsidir. Biz onunla hansısa bir məbləğə müqavilə bağlayırıqsa, onun 30 faizini futbolçuya əvvəlcədən vermişik. Biz məhz onu geri istəyirik. Bu, nə böyük, astromonik məbləğ ola bilər ki, Ağayev onu qaytara, yaxud kimsə onu verə bilməsin?

- Maraqlıdır ki, qapıçınız həmin məbləğə bir klub saxlandığını bildirib...
- Biz sadəcə, ona verdiyimiz borcu bağlamaq istəyirik. Transfer vərəqini istəyirsə, buyursun, həmin məbləği kluba qaytarsın. Məgər Ağayev bizdən milyon, 500 min alırdı ki, onun 30 faizini verə bilməsin?

- Onun transferi ilə bağlı sizə müraciət varmı?
- Kamranı gündəmə “Xəzər Lənkəran” gətirib. Komandamızda çıxış edəndən sonra yığmaya cəlb olunub, tanınıb. Təbii ki, klubumuz Azərbaycan futbolunun belə bir qapıçını itirməyini istəməz. Ağayevdən bir şey istəyirik: borcunu bağlayıb, sərbəst olsun vəssalam. Bizim ondan başqa istəyimiz yoxdur. Kamrana hər hansı klub müraciət edərsə, təbii ki, son qərarı prezidentimiz verəcək.

Mehman SÜLEYMANOV