“Kamran Ağayev “Xəzər Lənkəran”la problemini həll etməlidir”
22.12.2012 - 13:46
“Kamran Ağayev “Xəzər Lənkəran”la problemini həll etməlidir”
“Kamran Ağayevin “Neftçi”yə keçidi gündəmimizdə deyil. Çünki onun “Xəzər Lənkəran”la problemi var”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun idman direktoru Güloğlan Cabbarov deyib.

O, müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olan Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin paytaxt təmsilçisinə mümkün keçidi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: “Düzdür, Azərbaycan milli komandasının qapıçısının klubumuza keçidi pis olmazdı. Lakin Ağayevin müqavilə ilə bağlı olduğu klubla problemi qalır. Bu üzdən nə “Neftçi”, nə də başqa klublar onun keçidinə yaxın durmaz. Kamran klubu ilə məsələni həll etməlidir. Sonra mövzuya qayıtmaq olar”.

Cabbarov adı “Neftçi” ilə yanaşı hallanan müxtəlif legionerlərlə bağlı məsələyə də toxunub. O bildirib ki, təklif olunan legionerlərlə bağlı götür-qoy edirlər: “Hazırda komandamıza 2-3 futbolçu təklif olunub. Onlar arasında seçim aparılır. Futbolçunun komandamıza düşməsi əvvəlki kimi asan deyil, bu, ciddi seçimdən sonra mümkün olur. Hələlik heç bir qərar verilməyib”.

“Neftçi”nin bir sıra gənc futbolçularının xarici klublardan təklif aldığı iddia olunur. Cabbarov 2 oyunçu ilə bağlı kluba rəsmi müraciət olunduğunu bildirib: “Araz Abdullayev və Cavid İmamverdiyevlə bağlı konkret təkliflər almışıq. Lakin həmin klublar da məsələnin hələlik gizli saxlanılmasını istəyir. Bu üzdən adlarını açıqlaya bilmərəm. Yaxın günlərdə bu məsələyə də aydınlıq gələr”.