“Kəpəz”in vitse-prezidenti AFFA-dakı qapalı görüşdən danışdı
26.12.2012 - 13:54
“Kəpəz”in vitse-prezidenti AFFA-dakı qapalı görüşdən danışdı
“Düşünürəm ki, görüş işgüzar şəraitdə keçdi. AFFA və PFL-in rəhbər şəxsləri ilə yığıncaqda bir çox məsələləri müzakirə edib, birgə fikir mübadiləsi apardıq. Çempionatın keçirilməsi sistemi, legioner limiti və s. məsələlər haqda danışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in vitse-prezidenti Kamran Hüseynov deyib.

Dünən AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Premyer Liqada çıxış edən klubların rəhbərliyi ilə keçirdiyi görüşdə iştirak edən Hüseynov tədbirlə bağlı “Kəpəz”in saytına fikirlərini bölüşüb. O, Gəncə stadionunun ot örtüyünün dəyişdirilməsinə may ayında başlanılacağını bildirib: “Yəqin artıq siz də xəbər tutmusunuz ki, bu görüşdə Gəncə və Tovuzdakı stadionların ot örtüyünün dəyişdirilməsi haqda qərar qəbul olunub. Bunun cari çempionatın sonunda, may ayından başlayaraq həyata keçirilməsi nəzərdə tutulub. Ümumilikdə, səmərəli alınan belə görüşün mütəmadi təşkili nəzərə alındı”.