Düzəlməsə, ölkədən qovulacaq!
26.12.2012 - 15:36
 Düzəlməsə, ölkədən qovulacaq!
“Andrey Popoviçlə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdük. Onun məsələsini ətraflı müzakirə etdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.

Talıbov intizamsızlıq etdiyi üçün komandadan çıxarılan Andrey Popoviçin məsələsini müzakirə etmək üçün AFFA-da baş katib Elxan Məmmədovun qəbulunda olub. Belə ki, Məmmədov millidə ilin ən yaxşı futbolçularının mükafatlandırılma mərasimində Popoviçin yığmanın üzvü olduğuna görə bağışlanmağı ilə bağlı “Turan”a müraciət olunduğunu açıqlamışdı.

Talıbov bildirib ki, elə AFFA da Andreyə son xəbərdarlığını edib. Belə ki, hələ bu ilin fevralında Dubaydakı təlim-məşq toplanışı zamanı spirtli içki qəbul etdiyi üçün uzun müddət yığmadan kənarlaşdırılan 21 yaşlı milliləşdirilən ukraynalı qapıçıya daha güzəşt olunmayacaq: “Biz ona axırıncı şans veririk. Qapıçı baş verənlərdən nəticə çıxardıb, düzəlməlidir. Belə olmasa, təkcə bizə yox, Azərbaycan futboluna birdəfəlik lazım olmayacaq. Popoviç səhvini başa düşsə, biz də sevinərik. Komandada müəyyən intizam qaydaları var ki, ona riayət müəyyən olunmalıdır. Elxan müəllim də fikirlərimi dəstəklədi və dedi ki, qapıçı bir daha yolverilməz hərəkət edərsə, millimizdən, Azərbaycan futbolundan kənarlaşdırılacaq. Andreyin son söhbət haqda məlumatı var. O, yanvarın 5-dən sonra Ukraynadan Bakıya qayıdacaq. Popoviçin yenidən icarəyə götürülməyi ilə məsələsini müqavilə ilə məxsus olduğu “Bakı” ilə rəhbərliyimiz həll edəcək”.

Çalışdırıcı AFFA-da olduğu müddətdə heyətlə bağlı məsələlər haqda məşğul olub: “21 yaşı tamam olduğundan, artıq gənclər yığmasına cəlb oluna bilməyən futbolçuları klubumuza cəlb edə bilərik. AFFA-da onların siyahısı müəyyənləşəcək. Fikrimcə, həmin futbolçular “Turan”a gələrlər. Bu, onların üçün xeyirlidir. Çünki kənarda qalmayıb, oyun praktikası qazanıb, daimi nəzarətdə olacaqlar. Biz də onlara özlərini göstərmək üçün şans veririk”.

Talıbov onu da bildirib ki, AFFA-da klublarla keçirilən qapalı görüşdə qərara alınan stadionun meydançası ilə bağlı yenidənqurma işlərinə gələn il başlanılacaq: “Bildiyiniz kimi, AFFA Gəncə və Tovuzdakı stadionlara öz köməklərini göstərəcək. Onu mənə dedilər ki, stadionumuzda meydançanın qazonunun süni örtüyə çevrilməyi ilə bağlı işlərə mart-aprel aylarında başlanılacaq. Detallar sonradan müəyyənləşəcək”.