“Turan” Ukrayna və Gürcüstandan futbolçu gətirəcək
27.12.2012 - 12:56
“Turan” Ukrayna və Gürcüstandan futbolçu gətirəcək
“Hazırlıq planımızda dəyişiklik olub. Ölkə xaricinə bir qədər gec gedəcəyik. Yanvarın 25-dən Antalyaya yollanacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın vitse-prezidenti Namiq Məstanov deyib.

Batumi ilə Antalya arasında seçim edən Tovuz klubu digər komandalarımız kimi Türkiyə variantına üstünlük verib. Sonuncu dəfə Naci Şensoyun ilk baş məşqçiliyi dönəmində Türkiyəyə gedən “Turan” son dövrlər fasilə dönəmində yaxın Gürcüstana səfər edirdi. Komanda yoxlama oyunlarını orda keçirirdi.

Ancaq bu dəfə Gürcüstan klubu Tovuza gələcək. Məstanov hazırda 10-cu pillədə olan “Sioni” ilə yoxlama oyunu keçirəcəklərini bildirdi: “Əslində “Sioni” ilə bu gün qarşılaşmalıydıq. Ancaq futbolçularımız istirahətdə olduğundan, bu oyunun yanvarın 15-də Tovuzda baş tutmasını razılaşdırdıq”.

“Turan”ın vitse-prezidenti komandadan gedəcək və gələcək oyunçulara da aydınlıq gətirdi: “Bizdə dəqiq siyahı sabahdan etibarən bilinəcək. Ona görə də adlarını açıqladığımız legionerlərdən başqa, hansı yerli futbolçuların komandadan ayrılacağı bilinmir. Kapitanımız Hafiz Əliyevin “Neftçala”ya keçəcəyini eşitməmişəm. Ancaq onu deyə bilərəm ki, onun da adı gedənlərin siyahısında var. Gedənlərin yerinə əcnəbi transferlər edəcəyik ki, ilk “altılığ”a düşmək şansımızdan maksimum yararlanaq. Ukrayna və Gürcüstandan düşərgəmizə futbolçular dəvət edəcəyik. Baxışda bəyəndiklərimizi heyətə qatacağıq”.

Səbuhi TOFİQOĞLU