“Fərid Quliyev “Turan” klubuna gələnədək heç kim idi”
27.12.2012 - 13:29
“Fərid Quliyev “Turan” klubuna gələnədək heç kim idi”
“Fərid Quliyevin bizimlə mövsümün sonuna kimi müqaviləsi var. Onu almaq istəyən olsa, “Turan”a mütləq pul ödənilməlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın vitse-prezidenti Namiq Məstanov deyib.

Bu futbolçunun “Turan”dan ayrılacağı gündəmdədir. Elə futbolçu da verdiyi açıqlamalarında bunu gizlətmir. Onun başqa kluba, daha dəqiq desək, “Qarabağ”a keçəcəyi deyilir. Ancaq Məstanovun bu yöndəki açıqlaması maraqlıdır: “Onunla hansı klubun maraqlandığını bilmirəm. Çünki bizə heç kim müraciət etməyib. Mən də sizin kimi, “Qarabağ”ın onu almaq istədiyini eşitmişəm. Ancaq yaxınlarda bu klubun nümayəndələrindən biri ilə söhbət etdim. Mənə dedi ki, Fəridlə “Qarabağ”ın maraqlanması yalan söhbətdir, belə bir futbolçuya ehtiyacları yoxdur”.

Fərid Quliyevin saytımıza verdiyi açıqlaması da “Turan” tərəfində qıcıq doğurmaya bilməz. “Neftçi”yə lazım olmayan futbolçu yayda Tovuz klubunda çıxış etməklə yenidən gündəmə düşməyi bacarıb. Ancaq futbolçunun müsahibəsindən aşkar şəkildə belə bəlli olur ki, çörək qazandığı klubu bəyənmir.

Buna Məstanovun cavabı belə oldu: “Fərid Quliyev “Turan”a gələnə kimi heç kim idi. İtib batmışdı. Onu biz yenidən dirçəltdik. Açığı, onun bu müsahibəsi ilə tanış olmamışdım. Ancaq belə deyibsə... O, futbolçu, mən isə vitse-prezidentəm. Onun sözlərinə cavab versəm, eyni səviyyədə olarıq. Komandanın ilk “altılığ”a düşə bilməyəcəyini deyibsə, qoy onu bilsin ki, klubun bu mövsümkü hədəfi ilk 6 komanda arasına düşmək olmayıb”.

Səbuhi TOFİQOĞLU