Azərbaycan milliləri: 2013-ə 13 məqamla
27.12.2012 - 14:47
Azərbaycan milliləri: 2013-ə 13 məqamla
Başa çatmaqda olan 2012-ci il Azərbaycan milliləri üçün bir sıra məqamlarla zəngin oldu. Apasport.az saytının məlumatına görə, əsas yığmamızın DÇ-2014-ün seçmə mərhələsində və yoxlama görüşlərində keçirdiyi matçlarla yanaşı, digər komandalarımız da bir sıra sınaqlar yaşayıb.

U-21, U-19, U-17, həmçinin qızlardan ibarət U-19 və U-17 Avro-2013-ün seçmə oyunlarında qüvvəsini sınadı. Bundan başqa, oğlanlardan ibarət U-19 Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış etdi. 17 yaşlı qızlardan ibarət millimiz isə Azərbaycanda keçirilən dünya çempionatının iştirakçısı oldu.

Apasport.az saytı 2013-cü ilin astanasında olan millilərimizin cari illə bağlı 13 maraqlı məqamını araşdırıb.

İlin qələbəsi – U-21 uzun fasilədən sonra səfər qələbəsi sayəsində qrupda sonuncu olmadı. Yığmamız buna İslandiyada nail olduğu qələbə ilə imza atdı.

İlin məğlubiyyəti – Əsas millimiz özündən qat-qat zəif Fələstinlə qarşılaşmada məğlub oldu. Dubaydakı yoxlama oyununda millimiz 0:2 hesabı ilə uduzdu.

İlin turniri – Futbol tarixində ilk dəfə Azərbaycan böyük turnirə ev sahibliyi etdi. 17 yaşadək qızlar arasında dünya çempionatının Bakı və Lənkəranda baş tutan oyunlarında meydan sahibi kimi millimiz də iştirak etdi.

İlin hesabı – Nadir hallarda böyükhesablı qələbəyə sevinən azarkeşlərimiz əsas millinin ifasında 2 darmadağın gördülər. Yığmamız əvvəl Hindistan, ardında Bəhreyni eyni – 3:0 hesabı ilə məğlub edib.

İlin “şou”su – 17 yaşlı qızlardan ibarət millimiz Azərbaycanda keçirilən mundialda biabırçı məğlubiyyət yaşadı. Lənkərandakı matçda şou göstərən Nigeriya yığmamıza 11 cavabsız qol vurdu.

İlin babası – Futzal yığmamızın qapıçısı Andrey Tveryankin Avropada tarix yazdı. Qitə çempionatları tarixinə ən yaşlı oyunçu kimi düşən qapıçımız az keçməmiş baba da oldu.

İlin üzüntüsü – Futzal yığmamız 2012-ci ildə bəslənən ümidləri doğrultmadı. Avropa çempionatının final mərhələsində gözləniləndən aşağı çıxış edən yığmamız qrupda qaldı. Ardınca isə dünya çempionatının final mərhələsinin 1 addımlığında – pley-offda Rusiyaya uduzdu.

İlin fiaskosu – U-19 ilin ilk yarışı olan Qranatkinin xatirəsinə həsr olunan yarışda 12 komanda arasında 12-ci oldu. Uğursuz nəticənin alındığı yarış zamanı millimiz Finlandiyaya da 0:7 hesabı ilə uduzdu.

İlin itkisi – Əsas millimiz DÇ-2014-ün seçmə mərhələsinin 2012-ci ildə baş tutan son oyununda 2 xal itirdi. Millimiz Belfastda Şimali İrlandiya ilə görüşdə uzun müddət öndə olsa da, uzatma dəqiqələrində buraxılan qolla qələbəni əldən verdi.

İlin təyinatı – Qızlardan ibarət U-19 Avropa çempionatının seçmə mərhələsi ərəfəsində yaradıldı. Komandaya baş məşqçi isə son anda, az qala səfər öncəsi təyin olundu. Zamin Əsədullayevin ani təyinatından sonra yığmamız 3 oyunu ümumi 0:21 hesabı ilə uduzdu.

İlin zirzəmisi – İl boyu FİFA reytinqində yuxarı-aşağı var-gəl edən əsas yığmamız noyabrda 123-cü pilləyədək yuvarlandı. Bu, il üçün ən pis nəticə oldu.

İlin sensasiyası – Əsas yığmamız FİFA reytinqinin 205-ci olan Andorra ilə qarşılaşmada sensasiyaya imza atdı. Millimiz qalib gəlməli olduğu görüşdə qolsuz heç-heçə ilə kifayətləndi – 0:0.

İlin penaltisi – Komandalarımız il ərzində məhsuldarlığı ilə o qədər seçilməsə də yığmalarımızda qol sevinci yaşayan qapıçı da oldu. Qızlardan ibarət U-17-nin qolkiperi Aytac Şərifova Xorvatiya ilə Avro-2013-ün seçmə oyununda (6:0) rəqib qapısına penaltidən yol tapdı.