“Həmin gün uğur bizdən üz döndərmişdi” - MÜSAHİBƏ
27.12.2012 - 16:22
“Həmin gün uğur bizdən üz döndərmişdi” - MÜSAHİBƏ
“İnter”in bolqarıstanlı futbolçusu Daniel Genov klubunun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, hücuma meylli yarımmüdafiəçi “Neftçi” ilə keçirilən matç barədə danışıb, çempionatın ilk hissəsini dəyərləndirib və Yeni il bayramını harada keçirəcəyini açıqlayıb.

- Topaz Premyer Liqasında ilin son oyununda qarşılaşdığınız “Neftçi” ilə görüş barədə nə deyə bilərsiniz?
- İlk qolu biz buraxdıq, lakin xarakterimizi göstərməyi bacardıq. İkinci hissədə “İnter”in əsil oynunu nümayiş etdirdik. Göstərdik ki, belə oynaya bilərik. Düşünürəm ki, ikinci hissədə meydanda yalnız bir komanda vardı - “İnter”.

- Bununla yanaşı, komandanıza qələbə qolunu vurmaq qismət olmadı. Bu oyunda qalib gəlmək üçün nə çatmadı?
- Həmin gün uğur bizdən üz döndərmişdi. Biz bir neçə yüzfaizlik qol vəziyyərlərindən yararlana bilmədik. Mən də yaxşı şansı əldən verdim.

- Siz sol cinahdan asmadan sonra fərqlənə bilərdiniz, lakin bu mümkün olmadı. Bu qol anından yararlanmağa nə mane oldu?
- Belə alındı. Mən həmin epizodu yaxşı xatırlayıram. Baş zərbəsilə asmanı qapadım, lakin təəssüf ki, yaxşı zərbə endirə bilmədim. Fərqlənməyi çox istəyirdim, qismət olmadı.

- “Neftçi” bu mövsüm Avropa Liqasının qrup mərhələsinə düşməyi bacardı. “İnter”in heyətində rəqibdən çəkinmək kimi hansısa bir hiss vardımı? Yoxsa bu faktor, əksinə, sizə əlavə motivasiya verirdi?
- Yox, biz rəqibdən qorxmurduq. Bizim öz oyun tərzimiz var və bunu rəqiblərdən asılı olmayaraq nümayiş etdiririk. Qalib gələ bilərdik, ancaq əvvəl dediyim kimi, bizim bəxtimiz gətirmədi.

- Fikrinizcə, itirilmiş xallarda “günahkar” yalnız bəxtsizlikdir?
- Bəxtsizlik və israfçılıq. Biz çoxsaylı vəziyyərləri yerinə yetirə bilmədik. Əgər “İnter” daha bir qol vursaydı, o zaman oyun proses başqa istiqamətdə inkişaf edə bilərdi.

- Komandanızın əsas problemlərindən biri realizasiyadır. Necə düşünürsünüz, qol anlarından daha səviyyəli istifadə etməyimizə nə mane olur?
- Məşqlərdə realizasiyalar üstündə daha çox işləmək lazımdır. Bundan başqa, biz belə anlar üzərində məşqlərdən sonra da çalışmalıyıq. Düşünürəm ki, o zaman hər şey alınacaq. Burada soyuqqanlılıq da böyük rol oynayır və bir çox anlarda o bizdə çatışmır.

- Yeni il bayramı yaxınlaşır. Bayramı harada keçirməyi planlaşdırırsınız?
- Fürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm və hamıya uğurlar arzulayıram. Şəxsən mən Yeni ili Bolqarıstanda evimdə keçirməyi düşünürəm. Bayramı ailəmlə birlikdə qeyd etmək istəyirəm.