“Məgər, qarpız kənardan görünmür?”
27.12.2012 - 17:40
“Məgər, qarpız kənardan görünmür?”
“Turan” klubunun sabiq baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi

- “Turan”dan ayrıldıqdan sonra artıq 2 aydır işsiniz. Bu müddətdə futbol həyatınız necə keçir?
- Vaxtımı əsasən evdə keçirirəm. Küçədə çox olmağı xoşlamıram.

- Məşqçilər ailələrinə az vaxt ayırdıqlarından gileylənirlər. Belə demək olar ki, sizin üçün bu istirahət yerinə düşdü və ailənizə daha çox vaxt ayıra bilirsiniz...
- Hər insanın öz psixologiyası, istirahət seçimi var. Mən son il yarımda ailəmdən uzaqda olmuşam. Buna görə yaxınlarımla birgə olmağı sevirəm.

- Başa çatmaqda olan 2012-ci il sizin üçün necə yadda qaldı?
- Hər bir şeydən nəticə çıxarda bilən adam kimi gördüyüm işləri, başa vurduğum, vura bilmədiklərimi fikirləşirəm. Pis günlər də oldu, yaxşı günlər də.

- İl fəaliyyət baxımından sizin üçün əvvəl tamamlandı. Hansı işləri başa vura bilmədiniz?
- Məşqçi həmişə iş başında olmağı xoşlayır. Qismət belə imiş. Bu günə də şükürlər olsun.

- Hələ gedişinizdən sonra sizinlə əlaqə saxlasaq da, o vaxt danışmaq istəmədiniz. Bəs indi nə deyə bilərsiniz?
- O vaxt necə, indi də elə. Həmişə demişəm ki, nə varsa, o da məndə qalacaq. “Turan”dan gedişim barədə danışmaq istəmirəm. Gəlin, belə deyək: keçmiş bir tarixdir, gələcək isə xülyadır. Gəlin, qabağı fikirləşək. Oturub, hər şeyi özüm üçün ayırd etmişəm. Ancaq ona qapanıb, orda qalmaq niyyətim yoxdur. Qabağa baxmaq lazımdır. Bu, daha yaxşı olar. Daha çox gələcək haqda düşünmək gərəkdi.

- Baş məşqçi istefaya gedəndə tərəflər mövqelərini bildirir. Yəqin ki, “Turan” rəhbərliyinin fikirlərini mətbuatdan izləmisiniz. Ancaq siz nədənsə susmağı üstün tutursunuz...
- Məşqçi öz sözünü meydanda deyir. Meydandan kənarda hamı danışa bilər. Heç kimsə öz ayranına turş deməz. Hətta yolda “peraşki” satanlar qışqırıqlar ki, isti “peroşki” var. Ancaq alanda görürsən soyuqdur. O, özü də bunu bilir, ancaq isti deyir. Buna görə də qardaş, məndəki məndə qalacaq. Çünki futbolda sözümü demişəm, yenə deyəcəyəm. İşdə çatışan cəhət də olur, çatışmayan da. İnsan ailəsinin sirrini orda-burda danışırsa, deməli, normal adam deyil. Gəlin, gələcəyə baxaq. Qarşıdan yeni il gəlir. Dünya Azərbaycanlıların Həmrəylik günüdür. Mən də bütün azərbaycanlıları təbrik edirəm. Allah hər bir insanın ürəyinə görə versin və hamıya xoşbəxtlik nəsib eləsin.

- 2013-cü ildən nə gözləyirsiniz?
- Hər bir məşqçi kimi, iş.

- Ancaq yerli məşqçilər üçün iş tez tapılmır. Hətta elə olur ki, bir müddət işləyəndən sonra illərlə işsiz qalır...
- Allah eləməsin ki, illərlə olsun. İşsiz qalan məşqçi “paslanır”. Heç bir məşqçi daim iş başında olmur. Ola bilər Avropada bəzi klublar, məsələn, “Mançester Yunayted”də bu var. Bizdə qismət belədir, nə etmək olar? Allah işimizi versin, sözümüzü deyə bilək.

- Qış fasiləsində hər hansı bir komandanın baş məşqçi postuna dəvət olunacağına ümid edirsiniz?
- Qismət Allahdandır. Qismətimdə varsa, olacaq.

- “Turan”ı sizdən sonra həmkarınız Əfqan Talıbov çalışdırır. Onun dövründə komandanın çıxışını necə dəyərləndirərdiniz?
- Hamı mənim gedişimdən sonra komandanın belə oynamağı ilə bağlı sual verir. “Turan”ın belə çıxışı birdən-birə yaranan şey deyil. “Turan” il yarıma yaranmış komanda idi. Bu gün nəticə verməyi məni sevindirməyə bilməz. Çünki mənim də orda əməyim var. Hərə bir tərəfdən öz işini yerinə yetirib, komanda düzəltməyə çalışırdı. Bu varsa, onun nəyi pisdir ki?

- Biz pis demədik ki...
- Əsas odur ki, belə komanda yaranıbsa, buna sevinməliyik. Qabaq Tovuza dincəlməyə gəlirdilər, indi əziyyət çəkirlər. Deməli, “Turan”da müqavimət artıb. Hər bir klubda artarsa, Azərbaycan futbolunda inkişaf da artar, düzdür?

- Təbii ki...
- Deməli, təməl düzgün qoyulmuşdu, inkişaf getməli idi. Hər bir şeyin düzəlməyinə vaxt lazımdır. Ona görə bu gün sevinmək lazımdır ki, belə bir komanda var.

- İndi “Turan” “altılığ”a iddia edir...
- Bəli. Bəs keçən il necə idi?

- O vaxt çempionatda qalmaq uğrunda mübarizə aparırdı...
- Onda komanda tam formalaşmamışdı. “Turan” neçə il güclülər dəstəsində qalmaq üçün əziyyət çəkib. Bunların hamısını təhlil etmək lazımdır. Bu, bilirsən nəyə bənzəyir? Məsələn, satıcılar satdıqları qarpızın üstünə “qarpız” yazır. Məgər, kənardan baxanda qarpız görünmür? Bir sözlə, “Turan”da hamımızın zəhməti var. Futbolda tək heç kim heç nə edə bilməz.

Mehman SÜLEYMANOV