Arif Əsədovun xahişi
09.01.2013 - 17:43
Arif Əsədovun xahişi
“Qarşımızda bir vəzifə dururdu - qələbəyə oynamaq. Buna görə meydanın Ukrayna yığmasına aid olan hissəsində möhkəmlənməyə çalışırdıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Arif Əsədov deyib.

43 yaşlı çalışdırıcı bu yığmanın “sükanı arxası”na qayıdandan sonra ilk məğlubiyyətini Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə alıb. Bu, qrupda son oyunda Ukrayna yığmasına 0:2 hesablı məğlubiyyət olub.

Əsədovun sözlərinə görə, oyunun çox hissəsini rəqib meydanında keçirməyi bacarıblar: “Ancaq biz standart vəziyyətləri unutduq.
Ukraynalılar bunun yerinə yetirilməyində güclü silaha malikdirlər. İlk qolu məhz bundan aldıq. Bundan sonra irəli getmək, qol vuraraq hesabı bərabərləşdirmək, sonda qalib gəlmək lazım idi. Ancaq alınmadı. Özü də mən hücumçularımızdan xahiş etdim ki, hərəkət etsinlər, rəqibi cərimə meydanında aldatsınlar. Onlar çox sürətli, texnikalıdırlar. Ancaq onlar bunu çatdırmırdılar”.