Fərid Quliyev: “Turan” rəhbərliyi mənə problem yaradır
10.01.2013 - 12:09
Fərid Quliyev: “Turan” rəhbərliyi mənə problem yaradır
“Gələcək karyeramı müəyyənləşdirmək üçün öncə “Turan”la problemi həll etməliyəm”. Bunu apasport.az saytına açıqlamasında “Turan”ın futbolçusu Fərid Quliyev deyib.

Millimizin sabiq hücumçusu Tovuz təmsilçisində yarım illik çıxışını başa vuraraq, qış fasiləsində başqa komandaya keçmək istəyir. Ancaq cari mövsümün sonunadək müqaviləsi olduğu üçün “Turan”dan sərbəst gedə bilmir: “Məni buraxmırlar. Azad agent statusu verilmədiyindən, transfer vərəqəni ala bilmirəm. Buna aydınlıq gətirmək üçün rəhbərliklə görüşüb mənə görə istənilən transfer məbləğini öyrənəcəm”.

Maraqlıdır ki, Quliyev bir müddət öncə apasport.az saytına verdiyi müsahibədə başqa kluba sərbəst keçidi ilə bağlı rəhbərliklə danışığının olduğunu, problem yaranmayacağını bildirmişdi: “Həmin vaxt dedilər ki, 6 aydan sonra başqa kluba keçə bilərsən. Ancaq indi buraxmırlar. Gərək transfer vərəqəmi alım ki, bundan sonra digər klublarla danışım”.

Xatırladaq ki, Quliyev apasport.az saytına müsahibəsində “Turan”ı iddiasız komanda adlandıraraq, daha güclü kluba keçmək istədiyini söyləmişdi. Belə çıxır ki, həmin sözlər “Turan” rəhbərliyinin xoşuma gəlmədiyindən, Fəridi sərbəst buraxmaq istəmir. Amma futbolçu belə düşünmədiyini bildirib: “Burda inciməli nəsə yoxdur axı... Mən reallığı demişəm və hər bir peşəkar futbolçu yüksək yerlərə iddialı kluba keçmək istəyir. Bu, normal bir şeydir. Hamı bilirdi ki, Fərid “Turan”da niyə futbol oynayır. Başqa kluba keçmək istəyirəm. İnanmıram ki, Tovuzda qalım”.

Mehman SÜLEYMANOV