“Mənə əvvəlki maaşımdan az pul veriləcəyini bildirdilər”
10.01.2013 - 15:48
“Mənə əvvəlki maaşımdan az pul veriləcəyini bildirdilər”
“Kəpəz”dən ayrılacağımı bilirdim. Maliyyə şərtlərində razılığa gələ bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz”in sabiq futbolçusu Şahin Kərimov deyib.

Kərimov az öncə İranın Tehran, Qum və Məşhəd şəhərinə gedib “məşədi” olub. Ancaq deyəsən, müqəddəs şəhəri ziyarət etmək futbolçu üçün düşərli olmayıb. Belə ki, klub 4 legionerin ardından Pərvin Paşayev, Şahin Kərimov, Atin Abdullayev, Təbriz Hüseynli və Fərid Həşimzadə ilə də yolları ayırıb.

Kərimov maliyyə şərtlərindən əlavə, baş məşqçi Mahmud Qurbanovun onu istəmədiyini bildirdi: “Legionerləri göndərdikdən sonra komandada maliyyə cəhətdən sıxıntı olacağını bilirdim. Mənə əvvəlki maaşımdan az pul veriləcəyini bildirdilər. Mən də bununla razılaşmadım. Ancaq maliyyə ayrılmağımda əsas rol oynamadı. Mahmud Qurbanovun oyun fəlsəfəsinə uyğun gəlmədim. Məni istəmədi. Halbuki, əvvəlki oyunlarda əsas heyətdə yer alırdım”.

Səbuhi TOFİQOĞLU