Mahmud Qurbanov: Hamının maaşı azaldılıb - MÜSAHİBƏ
10.01.2013 - 16:59
Mahmud Qurbanov: Hamının maaşı azaldılıb - MÜSAHİBƏ
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- Komandadan 4 legioneri kənarlaşdırdınız. Yəqin ki, bu, klubun maliyyə durumuna görə, sizdən çox, rəhbərliyin qərarı olub...
- Elədir. Əslində, Arman Feutşin, Nikolay Svejentsev və Buyamin Asanini saxlamaq istəyirdim. Ancaq maliyyə cəhətdən sıxıntımız olduğundan, legionerlərlə müqavilələri qarşılıqlı şəkildə pozmağa qərar verdik. Təəssüf ki, o birilərdən fərqli, Asanini saxlaya bilmədik. Ancaq ola bilsin ki, Asani komandaya yenidən qayıtsın. Görək də... Üstəlik, legionerlərdən Georgi Sepiaşvili də komandada qalacaq. Gənc olduğundan, onu puldan çox, karyera düşündürür.

- Yuri Fomenko da “İnter”dən təklif aldığı üçün komandadan ayrıldı?
- Onu transferə çıxarmışdıq. Elə oldu ki, klublarımızdan təklif aldı. Bu səbəbdən “İnter”ə keçməsinə mane olmadıq.

- “İnter” Fomenkoya görə “Kəpəz”ə pul ödədi?
- Vallah, bunu rəhbərlik yaxşı bilər. Amma onu deyə bilərəm ki, “İnter”ə sərbəst futbolçu kimi keçməyib. Səhv etmirəmsə, onun transfer vərəqi hələ bizdədir.

- Bəs yerli futbolçuların göndərilməsi nə ilə bağlıdır?
- Bax, onların komandadan göndərilməsini mən istəmişəm. Elə təcrübəli futbolçular vardı ki, onlardan istədiyimi ala bilmədim. Bu üzdən düşündüm ki, onların yerinə daha istedadlı gəncləri heyətə cəlb edək. İstəyirik ki, bizə xallar qazandıra biləcək futbolçular heyətdə yer alsın. Komandanın uğuru həm klubun imici, həm də mənim ilk məşqçilik karyeram baxımından önəmlidir.

- Şahin Kərimov saytımıza açıqlamasında bildirib ki, komandadan ayrılmasında maaşının azalması da rol oynayıb...
- Yox, elə deyil. Onsuz da hamının maaşı azaldılıb. Bu, bütün futbolçulara şamildir. Əsas səbəb mənim onların oyunundan narazı qalmağımdır. Demirəm ki, komandaya layiq deyillər. Ancaq indiki durumda klubun futbolçulara yüksək məbləğ verməsi mümkünsüzdür.

- Mövsüm ərzində əsas heyətdə yer alan futbolçunu göndərirsizsə, belə başa düşmək olarmı ki, onu məcburiyyətdən oynadırdız?
- Nəinki Şahinə, hamıya oynamaq şansı vermişdim. Ancaq onlar ümidlərimizi doğrultmadı. Komandanın hədəfi çempion olmaq və ya ilk “altılığ”a düşmək deyil. Hədəfimiz elitada qalmaqdır. Əgər təcrübəli futbolçularla da aşağı sıradayıqsa, deməli, heyətdə dəyişikliyə ehtiyac var.

- Komandanın hazırlıqlara nə vaxt başlayacağına aydınlıq gəlib?
- Ayın 14-dən Bakıda hazırlıqlara başlamağı nəzərdə tutmuşuq. Düşərgəmizə çoxlu gənc futbolçuları baxışa çağıracağıq. Gənclərdən bəyəndiklərimiz olarsa, komandadan yenə gedənlər olacaq.

- Onlar yəqin ki, aşağı dəstə və əvəzedici komandalardan gələn futbolçular olacaq...
- Elədir. “Tərəqqi”dən də bir neçə futbolçu götürməyi planlaşdırmışıq.

- “Sumqayıt”la fevralın 2-də qarşılaşacağınızı bilirik. Bəs digər yoxlama oyunları?
- “Sumqayıt”la yəqin ki, Bayıldakı meydançada gücümüzü sınayacağıq. Ümumiyyətlə, əksər klublarımız Türkiyəyə toplanışa gedəcəyindən, bizə burda rəqib tapmaq çətin olacaq. Ancaq burda olan “Rəvan”, eləcə də aşağı dəstə klubları ilə sınaq matçları keçirməyə çalışacağıq.

Səbuhi TOFİQOĞLU