“Rux”un müdafiəçisi Azərbaycanda oynamağa razılıq verdi
11.01.2013 - 11:16
“Rux”un müdafiəçisi Azərbaycanda oynamağa razılıq verdi
Polşanın “Rux” klubunun futbolçusu Petr Stavarçik karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu variantın mümkünlüyünü 30 yaşlı müdafiəçinin özü açıqlayıb.

Karyerası ərzində yalnız vətəni Polşada çıxış edən Petr legioner həyatı yaşamağa yaxın olduğunu düşünür: “Mənə elə gəlir ki, Xojuvu tərk etmək vaxtı çatıb. Mənə o qədər menecerlər zəng edir ki. Onlar ölkə xaricində oynayıb-oynamamağımla bağlı fikrimi öyrənirlər. Buna müsbət yanaşdığımı bildirəndən sonra Azərbaycan və Rusiyada çıxış etmək variantı üzə çıxdı. Həmin menecerə razılığımı bildirib, mənim adımdan danışıqlara başlamasını dedim. Lakin onunla əlaqəmi itirmişəm. Ondan cavab gözləyə-gözləyə qalmışam. Düşünürəm ki, özümü ölkə xaricində yoxlamağın əsl vaxtıdır”.

Qeyd edək ki, 193 sm boya malik müdafiəçi karyerası ərzində “Visla” (Krakov), “Vidzev”, LKS və “Rux”un formasını geyib.