Millimizin hücumçusu “Qəbələ”yə qarşı
11.01.2013 - 11:27
Millimizin hücumçusu “Qəbələ”yə qarşı
Millinin yanvarın 29-dan fevralın 6-dək Dubay təlim-məşq toplanışına dəvət alan Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in hazırlıq planları bəlli olub. Apasport.az saytının məlumatına görə, sabah Trirdə yerli “Ayntraxt”la gücünü sınayacaq “Qırmızı Şeytanlar” yanvarın 16-da doğma “Frits-Valter-Ştadion”da “Kikkers Offenbax”ı qəbul edəcək. Bu matçla “Kayzerslautern”in ölkədaxili hazırlıqları başa çatacaq.

Komanda yanvarın 17-dən 26-na kimi Bələkdə Türkiyə toplanışı keçəcək. Artıq 2-ci Bundesliqa klubunun rəqibləri də bəllidir. Yanvarın 20-də “Uypeşt” (Macarıstan), 21-də “Arsenal” (Ukrayna) ilə qarşılaşacaq “Kayzerslautern” 25-də fərqli saatlarda 2 oyun keçirəcək. Əvvəlcə “Daequ” (Koreya), daha sonra “Red Bull” (Avstriya) ilə yoxlama matçları var.

Baş məşqçi Franko Foda Rüfəti əsas komanda ilə qardaş ölkəyə aparmağa qərar versə, Topaz Premyer Liqasının iştirakçılarından birinə qarşı da oynaya bilər. Belə ki, “Kayzerslautern” “Qəbələ”nin Türkiyədə qalacağı “Gloria Serenity” otelində məskunlaşacaq.

Bu iki komandanın görüşəcəyi rəsmi şəkildə təsdiqlənməsə də, yoxlama oyununun keçiriləcəyi dəqiqləşib. Böyük ehtimalla, qarşılaşma ayın 22-si olacaq. Çünki Kiyev “Arsenal”ı dağılmaq təhlükəsilə üz-üzə gəldiyindən, son anda Antalyaya gəlməkdən imtina edib. Belədə almanlar “Qəbələ” ilə gücünü sınamalı olacaq.

Qeyd edək ki, Rüfət Dadaşov hazırda “Kayzerslautern”in əsas komandası ilə hazırlıqlarda iştirak edir. Millinin debütantı “Mextershaym”la oyunda ikinci yarıda meydana girib.