“Nə qədər bəhanə gətirsəm də...”
11.01.2013 - 14:03
“Nə qədər bəhanə gətirsəm də...”
Türkiyənin “Adana Dəmirspor” klubunda forma geyinən azərbaycanlı futbolçu Cavid Hüseynovun apasport.az saytına müsahibəsi

- Komandanızın hazırkı vəziyyət sizi nə dərəcədə razı salır?
- Özümü yaxşı hiss edirəm. Antalyada keçirilən yoxlama görüşlərində əsas heyətdə meydana çıxıram. Bir matçda 90, digərində 45 dəqiqə oynadım. Çünki burda 2 gündən bir görüş keçirilir. Sonuncu qarşılaşmanı sabah keçirəcəyik.

- Qış fasiləsində klubunuzu dəyişməyi qətiləşdirmisiniz?
- Azərbaycana qayıtmaq istəyirdim. Bu barədə rəhbərliklə söhbət etdim. Ancaq nə qədər çalışsam da, məni buraxmadılar.

- “Bakı”ya keçmək istəyirdiniz?
- Bəli, hər şeyi danışmışdıq. Yalnız klubdan ayrılmaq qalırdı ki, bununla razılaşmadılar.

- Səbəb nə göstərdilər: Onlara lazımsınız, yoxsa müqavilə olduğundan kompensasiyaya görə?
- Pul söhbəti olmadı. Sadəcə, son vaxtlar əsas heyətdən kənarda qalmağımı şansımın gətirməməyi ilə izah etdilər. Dedilər ki, milliyə getdiyin zaman oyunlar üst-üstə düşdü, buna görə kənarda qaldın. Ancaq biz də çempionluğa oynayırıq, Superliqaya çıxmaq istədiyimizdən mənim komandaya lazımlı olduğumu söylədilər. Nə qədər bəhanə gətirsəm ki, məni buraxmadılar.

- “Adana Dəmirspor”la müqaviləniz mövsümün sonunda başa çatır. Anlaşma başa çatdıqdan sonra sərbəst futbolçu kimi Vətənə qayıdacaqsınız?
- Əgər yaxşı oynasaq, şansımız artsa, Superliqadan təklif olarsa, bu başqa məsələ. Ancaq vəziyyət belə olarsa, yenə belə şans verəcəklərsə, Bakıya qayıdacağam. Çünki millinin futbolçusunun az oynamağı düzgün deyil.

- Milli komanda yanvarın 29-dan fevralın 7-dək Dubayda təlim-məşq toplanışı çərçivəsində 2 yoldaşlıq görüşü keçirəcək...
- Həmin vaxt ərzində klubumuzun 1 oyunu olacaq ki, onu buraxacağam. Bu, ciddi problem deyil.

- Yığmaya dəvət olunmağınızla bağlı kluba faks gəlib?
- Bəli. Artıq rəsmən çağırıldığımı bilirlər.

- Toplanışına əvvəlinə, yoxsa fevralın 6-da FİFA-nın təqvimi ilə nəzərdə tutulan Lixtenşteynlə oyuna gəlcəksiniz?
- Hələ dəqiqləşməyib. Bəlkə yanvarın 29-da gəldim.

- Sizi 10 günlük buraxacaqlar?
- Komandanın prezidenti dedi ki, millidən dəvət gəlib, getmək məcburiyyətindəsən. Mən də dedim ki, baxmayın, bu, yığmadır, onun da öz yeri var. Dedilər ki, sonra danışarıq.

- Ümumiyyətlə, klub rəhbərliyi ilə münasibətlərinizdə hansısa problem yaranmayıb?
- Yox. Sadəcə, getmək istəyəndə, prezidentlə söhbət gərgin keçdi. Dedim getmək istəyirəm. Razılaşmadı. Çox danışdıq, gördüm nəticə vermir.

Mehman SÜLEYMANOV