“Bu, “Xəzər Lənkəran”da mənə əlavə töhfə verəcək”
11.01.2013 - 16:40
“Bu, “Xəzər Lənkəran”da mənə əlavə töhfə verəcək”
“Azərbaycan futbolu və “Xəzər Lənkəran” mənə yaxşı tanışdır. Çünki 1 il burada çalışmışam. Bu amil mənim daha yaxşı nəticə göstərməyimə əlavə töhfə verəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın türkiyəli məşqçisi İlhan Akgül deyib.

Lənkəran təmsilçisinin gənclər inkişaf proqramı rəhbəri vəzifəsinə təyin olunan 41 yaşlı türkiyəli çalışdırıcı gələcək fəaliyyətinin uğurlu olacağına əmindir.

Akgül seçim prosesinə diqqət yetirməyi vacib sayır: “Aşağı yaş qruplarına yüzlərlə uşaqlar gəlir və onlardan yalnız bir neçəsi yaxşı futbolçu kimi yetişir. Belə oyunçuları düzgün seçmək çox vacibdir. Biz çalışacağıq ki, futbolçular tək fiziki baxımdan yox, həm də insani və təhsil baxımından da inkişaf etsinlər”.

O, bu məqsədlə 2 növ məşqlərinin olduğunu bildirib: “Birincisi, futbolçuların problemsiz daha yuxarı yaş qruplarına keçməsi və uyğunlaşması üçün onların fiziki baxımdan təkmilləşdirilməsdir. İkinci məşq fərdi xarakterin formalaşması, futbolçuların reaksiyasının, taktika və koordinasiyaya uyğunlaşmasının təmin edilməsidir. Bu tədbirlər nəticəsində bacarıqlı futbolçuların yetişməsinə nail olacağıq. Futbolçu qabiliyyəti olmayanlar isə Azərbaycan üçün yaxşı xarakterə və insani keyfiyyətlərə malik vətəndaş olacaqlar”.