“Simurq” “Zestafoni” ilə qarşılaşacaq
11.01.2013 - 17:52
“Simurq” “Zestafoni” ilə qarşılaşacaq
“Simurq”un əvəzedici heyəti yanvarın 5-dən Zaqatalada seleksiya xarakterli hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, “Neftçi”, “Rəvan”, “Qarabağ”, “Sumqayıt” və “Energetik”dən bir neçə futbolçunu heyətinə qatan “sarı-qaralar” bugündən hazırlıqların ikinci mərhələsinə start verib.

Əvəzedici heyət hazırlıq prosesində yoldaşlıq görüşləri də keçirdəcək. Bu haqda klubun rəsmi saytına məlumat verən baş məşqçi Rövşən Babayev əvəzedici heyətin hələ ki, üç yoxlama görüşü keçirməyi planlaşdırdığını deyib: “Yanvarın 14, 25 və 30-da yoldaşlıq görüşləri keçirməyi nəzərdə tutmuşuq. İlk yoxlama oyunumuz Zaqatalada Gürcüstanın “Zestafoni” komandasının əvəzedici heyətilə olacaq. Daha sonra isə səfərdə Gəncənin “Tərəqqi” və Mingəçevirin “Energetik” kollektivləri ilə qarşılaşacayıq. Hələlik bu komandalar ilə oynamağı planlaşdırırıq”.

Qeyd edək ki, “Simurq”un əvəzedici heyəti fasiləyə qədər çempionatda 18 rəsmi qarşılaşmaya çıxıb. Bu oyunların 12-də qalib gələn və 2 matçda heç-heçə edən komanda hazırda 38 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.