“Azərbaycan millisindən imtina etmək yaxşı hərəkət olmazdı”
12.01.2013 - 14:22
“Azərbaycan millisindən imtina etmək yaxşı hərəkət olmazdı”
“Mən Vladiqafqazdanam. “Yunost” məktəbində ilk dəfə futbolla məşğul olmuşam. Sonra Moskvaya getdim, ordan “Qubkin”ə keçdim”. Apasport.az saytının məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət yığmamızın Rusiyanın II divizionunda mübarizə aparan “Qubkin” komandasının üzvü David Qarayev deyib.

Rusiyadan olan həmkarlarımız Valentin Qranatkinin xatirə turnirində iştirak edən U-19-un heyətindəki futbolçularımıza böyük maraq göstərir. Onlardan “Zenit”in müdafiəçisi Elvin Bədəlov, “Krılya Sovetov”un hücumçusu Seyran Məmmədov və “Qubkin”in yarımmüdafiəçisi David Qarayevə böyük ilgi var.

Əslən Şimali Osetiyadan olan milliləşdirilmiş futbolçu olan Qarayev yığmamıza necə düşməsindən danışıb: “Ümumiyyətlə, mənim yarı hissəm osetin, yarısı isə dağıstanlıdır. Azərbaycan köklərim varmı? Ola bilər, uzaq keçmişdə olub. Azərbaycan yığmasına agentlər vasitəsilə düşdüm. İlk dəfə məni 2 il əvvəl çağırmışdılar. Klub karyerama gəlincə, hazırda mənə Rusiyanın I dəstəsindən bir neçə təklif var. Bu haqda fikirləşəcəm. Azərbaycan çempionatında oyanamağa da çağırırlar, ancaq mən bu haqda düşünmürəm”.

18 yaşlı futbolçu gələcəkdə Rusiya ilə Azərbaycan arasında dilemma qarşısında qalsa, hansı yığmanı seçəcəyini də deyib: “Yəqin ki, Azərbaycanı seçərəm. Onsuz da artıq 2 ildir ki, onun rənglərini üzərimdə daşıyıram. Mənim tərəfdən Azərbaycan millisindən imtina etmək yaxşı hərəkət olmazdı”.

Qeyd edək ki, Davidlə maraqlanan Rusiya klubunun biri “OİK-Energiya”dır. Bu komandanın baş direktoru Sergey Feldman bildirib ki, Qarayevi baxışa çağıracaqlar.