“Serbiyada hər kəs məndən “Neftçi” haqda soruşurdu” – MÜSAHİBƏ
12.01.2013 - 14:38
“Serbiyada hər kəs məndən “Neftçi” haqda soruşurdu” – MÜSAHİBƏ
“Neftçi” Antalyada hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, bu gün yerli vaxtla saat 11:00-da baş tutan səhər məşqindən əvvəl serbiyalı qapıçı Saşa Stamenkoviç klubunun rəsmi saytına qısa müsahibə verib.

- Sıx oyun qrafiki olan mövsümün ilk yarısı arxada qaldı. İstirahət müddətində necə dincəldin?
- Biz mövsümün ilk yarısı 3 cəbhədə mübarizə aparırdıq. Bu səbəbdən də komandada yorunluq hiss olunurdu. Amma yaranmış fasilədə yaxşı istirahət etdik. Bu müddətdə Serbiyada ailəmlə birlikdə idim. Yeni ili də orda qeyd etdik.

- Avropa Liqasında “Neftçi” “Partizan”la iki dəfə üz-üzə gəldi və hər iki oyunda heç-heçə qeydə alındı. Bu oyunlardan sonra Serbiyada “Neftçi” barədə hansı fikirlər formalaşıb?
- Avropa Liqasının qrup mərhələsinə adladıqdan sonra bizi daha çox tanımağa başlayıblar. Serbiyada futbola marağı olan hər kəs məndən “Neftçi” haqqında soruşurdu. Belə bir uğur qazanmağımız onları yaxşı mənada təəccübləndirmişdi. Bizim “Partizan”la oyunlarımızı izləyən hər kəs “Neftçi”nin səviyyəsinə şahid oldu. Fikrimcə, “Neftçi” təkcə Serbiyada yox, Avropanın bir çox ölkələrində özündən söz etdirdi.

- Hazırlıq dövrü barədə nə deyə bilərsən?
- Ötən mövsüm də hazırlığımızı Antalyada keçirmişdik. Burada klub rəhbərliyi tərəfindən bizim üçün hər bir şərait yaradılıb. Hazırlığın ilk mərhələsində fiziki keyfiyyətlərimizi yaxşılaşdırmağa çalışacağıq. Qarşıda bir neçə yoxlama oyunu da keçirəcəyik. Düşünürəm ki, hazırlıq dövrü bitənə kimi komandamız bundan da güclü səviyyəyə gələcək. Biz ardıcıl 3-cü çempionluğumuzu qazanmaq və Avropadakı uğurumuzun davamını gətirmək istəyirik. Ölkə kubokunu da unutmaq olmaz. Bütün cəbhələrdə maksimum nəticələrə nail olmalıyıq.