Bojidar Bandoviç: “Bakı”ya gələndə problemlə üzləşdim
13.01.2013 - 01:39
Bojidar Bandoviç: “Bakı”ya gələndə problemlə üzləşdim
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç klubun internet televiziyasına müsahibə verib. Apasport.az saytının məlumatına görə, serbiyalı mütəxəssis komandanın planları, təlim-məşq toplantısı və komandanın hədəfləri barədə danışıb.

“Zənnimcə, oyunların əksəriyyətini yaxşı keçirmişik. Unutmayaq ki, həmin oyunları hücumçusuz oynadıq və bu da bizim üçün problem yaratdı. Xüsusən də son turlar güclü rəqiblərə yaxşı oynadıq. Ya udurduq, ya da ki, heç-heçə oynayırdıq. Buraxdığımız 13 qoldan 5-i penaltidən idi. Fikrimcə, onların 3-4-ü səhv qərar idi. Mən yayda komandaya gələndə bir neçə problemlə üzləşdim. Etiraf edirəm ki, turnir cədvəlində məskunlaşdığımız yer ürəyimizcə deyil. Biz daha yüksək yerə layiqiq. Yeni ildən sonra 3-4 gündür ki, bir yerə yığışmışıq. Futbolçuları bəzi testlərdən keçirmişik ki, onların hansı vəziyyətdə olduğunu bilək. Bu nəticələrə əsasən, fiziki formalarını bərpa edəcəyik. Çalışacağıq ki, çempionatın ilk oyununa onları lazımlı şəkildə hazırlaşdıraq”.

Bandoviç komandadan bəzi oyunçuların göndəriləcəyini və yeni futbolçuların gətiriləcəyini də bildirib: “Transferlərə gəldikdə, onu demək istəyirəm ki, biz artıq gecikirik və bu amil məni narahat etməyə bilməz. Bəzi oyunçular gedəcək və biz onların yerinə yeni oyunçu axtarmalıyıq ki, onlar gələcəkdə bizə faydalı olsun. Antalyada iki həftəlik təlim keçirəcəyik. Çempionatın başlanmasına təxminən 5 həftə qalır. Bazar ertəsi Antalyaya yola düşürük və orada 3 yoxlama oyunu keçirəcəyik. Oyunlar zamanı çalışacağıq ki, optimal heyət formalaşdıraq. Zəif nöqtələri tapıb onların üzərində çalışacağıq".