Millimizin futbolçusu: “Zenit”də oynamaq istəyirəm
13.01.2013 - 11:00
Millimizin futbolçusu: “Zenit”də oynamaq istəyirəm
“Məni Rusiya yığmasına çağırmayıblar. Valideynlərim azərbaycanlıdır. Əlbəttə, buna görə özümü azərbaycanlı sayıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının futbolçusu Elvin Bədəlov Rusiya mətbuatına açıqlamasında deyib. Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edən oyunçumuz Sankt-Peterbuqrda anadan olduğundan diqqət mərkəzindədir. Axı ənənəvi turnir bu şəhərdə keçirilir.

Bədəlov ilk öncə futbola gəlişi haqda danışıb: “8 yaşımda “Smena”da oynamağa başladım. Orada 3-4 il keçirdim. Anvaq əvvəl heç də hər şey yaxşı alınmırdı. Məni icarəyə verdilər. Bundan sonra öz oyunumla hər şeyi sübut etdim, geri qayıtdım və indi artıq “Zenit”in Akademiyasında çıxış edirəm. Şəhər çempionatında oynayıram”.

Elvin yığmamıza düşməyinə belə aydınlıq gətirib: “Akademiyaya azərbaycanlı seleksionerlər gəlmişdi. Onlar oyunçulara baxırdılar və məni yığmaya dəvət etdilər. Mən dərhal razılaşdım və gələcəkdə də Azərbaycan yığmasında oynamaq niyyətindəyəm. Klub karyerama gəlincə, Rusiya çempionatında “Zenit”də oynamaq istərdim. Ümid edirəm ki, alınacaq”.