“Krılya Sovetov”un futbolçusu Azərbaycan çempionatına can atır
13.01.2013 - 11:37
“Krılya Sovetov”un futbolçusu Azərbaycan çempionatına can atır
“Mən Moskvadanam, 3 il “Lokomotiv”də oynamışam. Bundan sonra mənə Azərbaycan yığmasından təklif gəldi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının futbolçusu Seyran Məmmədov deyib. “Krılya Sovetov”un hücumçusu yığmamızın heyətində Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edir.

Seyran millimizdən dəvət alanda, “Lokomotiv”in onun qarşısına şərt qoyduğunu bildirib: “Dedilər ki, ya yığma, ya da klub. Çünki biz səni yetişdiririk, sən isə digər milli komandada oynayırsan. Məni digər variantları axtarmaq lazım gəldi. “Krılya Sovetov”da Azərbaycan yığmasında oynamağımın əleyhinə deyildilər. Artıq 3-cü ildir yığmada, Samarada isə dublda oynayıram”.

Futbolçu ruslara valideynlərə haqda məlumat verib: “Atam Rusiya və Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Anam isə evdar qadındır. Ailəmizin hamısı azərbaycanlılardır”.

Məmmədovu də digər komanda yoldaşları kimi millimizin seleksiyaçıları axtarıb tapıb: “Yəqin, Moskva çempionatında “Lokomotiv”in heyətində oyunşular siyahısında soyadımı görüblər. Zəng etdilər, milli komandaya gəlməyi təklif etdilər. Mən dərhal razılaşdım. Axı bu, mənim üçün böyük şərəfdir. Yeri gəlmişkən, ilk oyunum Rusiya ilə oldu və hətta qol vurdum. Yığma karyeram bax belə başladı. Gələcəkdə seçim etməli olsam, harda oynamaq istərdim? Azərbaycan çempionatında və yığmasında!”.