“Qırmızı vərəqə alan futbolçunun yerinə işləyirdik”
13.01.2013 - 23:27
“Qırmızı vərəqə alan futbolçunun yerinə işləyirdik”
“Oyun barədə təəssüratlarım müsbətdir. Azlıqda qalsaq da, oyun intizamını itirmədik. Sonda ədalət bərqərar oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Belarusun 19 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Andrey Pışnik deyib. Onun yetirmələri Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 11-ci yer uğrunda oyunda Azərbaycan yığmasına matç sonrası penaltilərdə qalib gəlib.

Pışnik oyunun çox hissəsini azlıqda keçirməli olan komandasına xarakter nümayiş etdirdiyi üçün təşəkkür edib: “Futbolçumuz meydandan qovulana kimi ərazi üstünlüyünə malik idi. 10 nəfərlə də eyni cür oynamağa davam etdik və qırmızı vərəqə alan futbolçumuzun yerinə işləyirdik. Növbəti dəfə əmin olduq ki, bizdə komanda var”.

O bildirib ki, tutduqları yeri nəzərə almasalar, oyundan-oyuna inkişaf edirlər: “Avropanın güclü komandalarına qarşı yetərincə yaxşı oynadıq, heç bir matçda geri qalmadıq. Qarşıdakı turnirlərdə karımıza gələcək beynəlxalq təcrübə qazandıq. Bu yarışda öz oyun fəlsəfəmizi tapdıq və həmin istiqamətdə irəliləməyə çalışacağıq”.