Bəhruz Şirəliyev: Onu “Qarabağ”a satmışıq
14.01.2013 - 13:07
Bəhruz Şirəliyev: Onu “Qarabağ”a satmışıq
“Düşərgəmizə bir neçə legioner baxışa gələcək. Ancaq onların konkret hansı futbolçular olacağı bilinmir. Məhz bu yöndə həmin oyunçularla danışıqlar gedir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

“Rəvan”ın futbolçusu Kristian Torresin Antalyada “Qarabağ”ın düşərgəsində yer alması yaydakı hadisələri xatırladır. Belə ki, ötən mövsüm başa çatdıqdan sonra cənubi amerikalı futbolçu “Simurq”un düşərgəsində peyda olmuş, hətta müqavilə də bağlamışdı. Ancaq sonradan “Rəvan” futbolçunun onlara məxsus olduğunu iddia edərək haqqını qoruya bilmişdi.

Ancaq Bəhruz Şirəliyevin sözlərinə görə, bu dəfə futbolçunun “Qarabağ”ın düşərgəsində yer alması onların razılığı ilə baş tutub: “Argentinalı futbolçumuz Kristian Torresin bizimlə müqaviləsi başa çatmayıb. Ancaq “Qarabağ” bizə müraciət edərək bu futbolçunu sıralarında görmək istədiyini bildirdi. Biz də peşəkar klub olaraq Torresi müəyyən transfer məbləği qarşılığında qarşı tərəfə satdıq. Yəni, o hazırda “Qarabağ”da baxışda deyil. Bizdən alınıbsa, deməli, Kristian artıq bu klubun oyunçusu sayılır”.

Qeyd edək ki, “Rəvan” mövsümlərarası fasilədə 3 futbolçu – Ramil Həşimzadə, Emin Mustafayev və Nodar Məmmədovla anlaşıb. Müqaviləsi başa çatmış oyunçulardan isə Vüsal Qarayevlə yeni anlaşma bağlanılıb.

Səbuhi TOFİQOĞLU