Fair Play: Azərbaycan Avropada neçəncidir?
14.01.2013 - 14:44
Fair Play: Azərbaycan Avropada neçəncidir?
2012/13 mövsümünün ilk 8 aylıq Fair Play reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-ya 53 üzv ölkənin yer aldığı cədvəldə Azərbaycan 32-ci pillədə qərarlaşıb. Komandalarımızın son yarım ildə keçirdiyi 43 beynəlxalq oyuna əsasən reytinqimiz 7,678-ə bərabərdir.

Serbiya (36-cı yer), Rumıniya (37-ci yer), Xorvatiya (41-ci yer), Türkiyə (46-cı yer) kimi ölkələr də Azərbaycandan geri qalır. Gürcüstan (35-ci yer) və Ermənistan (45-ci) da Azərbaycandan aşağı pillələrdədir.

Siyahıya isə az qala ənənəvi olaraq şimallılar – Skandinaviya yarımadasının təmsilçiləri başçılıq edir. 77 oyun keçirən Norveç təmsilçiləri 8,252, hesabında 78 matç olan İsveç 8,243 xala malikdir. Daha az – 55 oyun keçirən Finlandiya komandaları isə ölkələrinin reytinqinə 8,205 xal qazandırıb.

Qeyd edək ki, 2012-ci ilin may-dekabr aylarını əhatə edən siyahı yığma və klub səviyyəsində baş tutan 1406 oyuna əsasən tərtib olunub. Mövsümün yekun cədvəli isə aprelin 30-dək olan qarşılaşmaları özündə əks etdirəcək.