Qadın hokkeyçilərimiz CAR-a yollanacaq
15.01.2013 - 02:03
Qadın hokkeyçilərimiz CAR-a yollanacaq
Dünya reytinqində 16-cı yeri tutan ölkəmizin qadın otüstü hokkeyçilərdən ibarət milli komandasının yanvarın 21-dən 27-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizəyə qoşulacaq. Azərbaycan Otüstü Hokkey Federasiyasının apasport.az saytına verdiyi məlumata görə, hokkeyçilərimiz bu məsul yarışa hazırlığı ötən ilin son aylarından başlayıb və sabah kişilərdən ibarət “Atasport” klubu ilə axırıncı yoxlama oyununda qüvvəsinin sınamaqla Bakıda 2 həftəlik təlim-məşq toplanışını başa vuracaqlar.

Yığmamız yanvarın 16-da CAR səfərinə çıxacaq və 5 gün yerli mühütə uyğunluq keçəndən sonra - ayın 21-də start görüşünü Qana hokkeyçilərinə qarşı keçirəcək. Ertəsi gün milli komandamızın rəqibi Avstriya təmsilçiləri olacaq. Yanvarın 23-də istirahət edən yarış iştirakçıları 1 gün sonra 3-cü turun oyunlarında qarşılaşacaqlar. Həmin gün həmyerlilərimiz Litva hokkeyçiləri ilə görüşəcəklər. IV tur ərəfəsində komandalar daha 1 gün istirahət edəcəklər. Yanvarın 26-da millimiz yarış sahibi -CAR yığması ilə mübarizə aparacaq. Turnirin sonuncu günü isə rəqibimiz Belçika idmançıları olacaq.

Dairəvi sistemlə keçirilən yarışın yekununda ilk 2 yeri tutan komanda Dünya Hokkey Liqası turnirinin III raunduna vəsiqə qazanacaq. Qeyd edək ki, məşqçilər heyəti bu dəfə milli komandaya Koreyadan oyunçu dəvət etmədən yerli gənc hokkeyçiləri sınaqdan keçirib və onlardan bəziləri əsas heyətə daxil ediliblər.

Qarşıdakı məsul yarışa komandamız belə heyətdə yola düşəcək:

Qapıçılar: Viktoriya Şahbazova, Seda Xeyirova.

Müdafiəçilər: Çequrko Lyüdmila, Makkayeva Feruza, Nuriyeva Səadət, Əliyeva Xatirə, Levçenko Yevgeniya, Əlivəliyeva Tamilla, Kiyaniçenko Tatyana.

Yarımmüdafiəçilər: Nuriyeva Liana, Lebedyuk Zoya, Həsənova Amaliya, Çervyatsova Katerina, Müzəffərova Əminə.

Hücumçular: Muradi Yuliya, Drujinina Lyubov, Fəridə Məmmədova.

Yığmamızı Dünya Hokkey Liqasının II raundundakı yarışa baş məşqçi Adil Paşayev, məşqçilər Əli Zahid və Ceyhun Mirzəyev hazırlayıblar. Azərbaycanlı hakim Səadət Zəkiyeva da oyunları idarə etmək üçün yanvarın 16-da Bakı-İstanbul-Keyptaun təyyarə reysi ilə səfərə çıxacaq.