Uğur Pamuk: Bu, mənim üçün super təklifdir!
15.01.2013 - 11:44
Uğur Pamuk: Bu, mənim üçün super təklifdir!
“Xəzər Lənkəran”ın yeni transferi Uğur Pamukun apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”a keçidiniz necə baş tutdu?
- Qış fasiləsində bu komandadan təklif aldım. Danışıqlar uğurla başa çatdı və müqavilə imzaladıq. Qarşılıqlı razılıqla anlaşmanın 2 illik olmasını istədik.

- Sabiq komandanız “Sumqayıt” ilk “altılığ”a düşməkdə çətinlik çəkir, “Xəzər Lənkəran” isə çempionluğa oynayır. Belə iddialı klubdan aldığınız təklif sizin üçün gözlənilməz olmadı?
- Bu, mənim üçün super təklifdir! Əslində, əvvəllər də “Xəzər Lənkəran”da oynamaq istəmişəm. İnşallah, həm mənim, həm də yeni komandam üçün uğurlu olar. 1 ildir Azərbaycandayam. Son yarım ildə yaxşı oynadım, milliyə çağırıldım, Şimali İrlandiya ilə rəsmi oyuna aparıldım. Özümü çempionatda yaxşı tərəfdən göstərdiyim üçün belə bir komandada oynamağa layiq olduğumu düşünürəm. Lənkəran təmsilçisinin uğuru üçün əlimdən gələni edəcəyəm.

- Şimali İrlandiya ilə oyun öncəsi “apasport”a verdiyiniz müsahibədə yerli klublardan təklif aldığınızı demişdiniz. Maraqlıdır, həmin təklif haradan idi?
- Həmin vaxt “Xəzər Lənkəran”dan təklif almamışdım. Amma Azərbaycandan kənara çıxmaq variantı da vardı.

- Almaniyadan?
- Bəli, ancaq alınmadı. Çünki istəmədim.

- Niyə?
- Bəzi səbəblər vardı. Təklif III Bundesliqadan idi. Konkret, Bilefeldi təmsil edən “Arminiya” klubundan.

- “Sumqayıt”ın heyətində “Xəzər Lənkəran”a qarşı oynamısınız. Yeni komandanızı necə dəyərləndirərdiniz?
- “Xəzər Lənkəran” çempionatın ən güclü komandalardan biridir, çox yaxşı futbolçuları var. Bəzilərini millidən - Ruslan Abışovu, Elnur Allahverdiyevi, Rahid Əmirquliyevi yaxşı tanıyıram. Adrian Pit və Sadio Tounkara da yaxşı futbolçudur və onlarla birgə oynamaq mənim üçün daha faydalı olacaq.

- Lənkəranlıların qış fasiləsində 2-ci transferi oldunuz. Bunadək müqavilə imzalanılan hücumçu Gökhan Güləç də Türkiyədəndir. Onu tanıyırsınız?
- Şəxsi tanışlığım yoxdur. Ancaq bilirəm ki, “Beşiktaş”da oynayıb. Düşünürəm ki, lənkəranlılar üçün yaxşı transferdir. İnşallah, özünü yaxşı tərəfdən göstərər.

- Karyeranızda ilk dəfə çempionluğa oynayacaqsınız və sizin üçün önəmli olacaq...
- Karyeramda bu komanda ilə yeni bir səhifə açılır. Demək olar mənim üçün hər şey sıfırdan başlayır.

- “Sumqayıt”dan fərqli, “Xəzər Lənkəran”da daim əsas heyətdə yer almağınız asan olmayacaq. Çünki burada rəqabət güclüdür...
- Bildiyiniz kimi, daha çox sağ cinah yarımmüdafiəçisi kimi oynayıram. Ancaq mərkəzdə, hücumçunun arxasında da oynaya bilərəm. “Sumqayıt”da 1-2 dəfə belə oynayıb, sonra sağa keçirdim. Yəni, hər 2 mövqedə rahat oynaya bilərəm. Özümə güvənirəm. İnşallah, baş məşqçi mənə güvənsə, əsas heyətdə oynayacağıma inanıram. Bu zaman meydana çıxıb, Lənkəran klubuna yardım edəcəyimə əminəm.

- Baş məşqçiniz Karles Bakes ispaniyalıdır. Onunla Antalyada hazırlıqda tanış olacaqsınız...
- Bəli. Hava limanındayam və komandamın Türkiyəyə təlim-məşq toplanışına yollanıram. Eşitdiyimə görə çox yaxşı, yüksək səviyyəli mütəxəssisdir. Oyunçularla yaxşı ünsiyyət qurur. İndi onun yanına gedirəm və fikirlərini öyrənəcəyəm.

- Lənkəranlılar hər il olduğu kimi, çempionluğa və ölkə kubokunu qazanmağa oynayır. Bu şansları necə dəyərləndirərdiniz?
- “Xəzər Lənkəran” “altılığ”a düşməlidir və düşəcək də. Çempionluq haqda indidən danışmaq tezdir. Ancaq buna ümid var və inanıram ki, lənkəranlılarla çempion olaram.

- Siz millinin Dubay toplanışına çağırılmadınız. Ancaq “Xəzər Lənkəran”ın futbolçusu olandan sonra yığmaya tez-tez dəvət olunacağınız gözlənilir. Çünki güclü klubların futbolçuları daim diqqət mərkəzində olurlar...
- Elədir. Lənkərana gələndən sonra millidə oynamaq şansım çoxalacaq. Çünki çempionluğa oynayan bu komandada məşqlər daha fərqlidir. Burada daha yaxşı hazırlaşırsan, özünü daha yaxşı hiss edirsən. Peşəkar futbolçu kimi daha güclü olursan. Bunların hamısını 100 faiz edə bilsəm, milli komandada oynayacağam.

Mehman SÜLEYMANOV