“Barsa”, “Barsa”, yenə “Barsa”
15.01.2013 - 13:05
“Barsa”, “Barsa”, yenə “Barsa”
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ilin ən yaxşı pleymeykerlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun ölkələrdəki nümayəndələri arasında keçirilən sorğuya əsasən planetin ən yaxşı oyun qurucularının ilk “üçlüy”ündə yalnız 1 klubun futbolçuları yer alıb. Bunlar İspaniya “Barselona”sını uğurlara daşıyan oyunçulardır.

Dünyanın ən yaxşısı isə Andres İnyesta olub. İspaniya milli komandasının üzvü 146 xal toplayıb. Klubla yanaşı yığmada da onunla çiyin-çiyinə çıxış edən Xavi Ernandes 128 xala layiq görülüb. Planetin ən güclü futbolçusu seçilən argentinalı Lionel Messi isə pleymeykerlər arasında 3-cü yerlə kifayətlənib – 98 xal. Bu da onun daha çox hücumçu kimi çıxış etməsi ilə bağlıdır.

Qeyd edək ki, İFFHS-in siyahısına cəmi 16 futbolçu düşüb.