“Sadıq Sadıqov bizə əlavə stimul verir” - MÜSAHİBƏ
15.01.2013 - 13:18
“Sadıq Sadıqov bizə əlavə stimul verir” - MÜSAHİBƏ
Antalya hazırlığını davam etdirən “Neftçi” kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, yarımmüdafiəçi təlim-məşq toplanışının arxada qalan hissəsini və qarşıdakı yoxlama oyunları barədə danışıb.

- Hazırlığın 4 günü artıq geridə qalib. Gündəlik məşqlərdə fiziki yükləmələrin öhdəsindən gəlmək çətin deyil ki?
- Bu mərhələ fiziki keyfiyyətlərin artırılmasına hesablanıb. Bu ilk baxışdan çətin görünə bilər. Amma gördüyün işi sevirsənsə, ondan ləzzət alırsansa yorulmursan. Əsas şərt isə abu-havadır. Klub prezidenti Sadıq Sadıqov bura gəldiyimiz gündən komandanın düşərgəsindədir. Onun komandanın yanında olması əhval-ruhiyyənin yüksəlməsi ilə yanaşı, futbolçulara əlavə stimul verir. Bu hazırlıqdan maksimum şəkildə yararlanmaq istəyirik.

- Qarşıdakı günlərdə keçiriləcək yoxlama oyunları ilə bağlı nə deyə bilərsiz?
- Yoxlama oyunlarında ən vacib amil hazırlığın faydasını görmək və futbolçuları yoxlamaqdır. Təbii ki, nəticənin də xeyrimizə olmasını istəyirik. Futbolu qol vurmaq üçün oynayırsan.

- Antalya hazırlığının bəhrəsi nə olacaq?
- Bizi yalnız çempionluq düşündürür. Bütün əməyimizi bu yolda sərf edirik. Mövsümün ilk yarısında ağır oyun qrafiki səbəbindən bir-neçə qarşılaşmada vacib xallar itirdik. Ardıcıl üçüncü çempionluğu əldə etmək üçün əlimizdən gələni edəcəyik. Ölkə kubokunu da unutmayaq. Hər iki cəbhədə bir məqsəd üçün vuruşacağıq. Bizi sevən hər kəs Avropadakı yolumuzun davamını gözləyir. Onların da etimadını yerə vurmarıq.