Əfqan Talıbov: İstəyirik tez getsin
15.01.2013 - 14:57
Əfqan Talıbov: İstəyirik tez getsin
“Turan”ın baş məşqçisi Əfqan Talıbovun apasport.az saytına müsahibəsi

- Baxışa gələn legionerlərin taleyinə aydınlıq gətirdinizmi?
- Hazırda rəhbərliklə bu məsələni müzakirə edirik. Onları ikitərəfli oyunlarda sınayacağıq. Yanvarın 19-da “Kəpəz”in əvəzediciləri ilə yoxlama görüşü keçirəcəyik. Həmin vaxt seçimimizi yekunlaşdıracağıq.

- Həmin 4 legionerin – ukraynalılar Pavel Yançuk, Aleksey Rodoviç, Yaroslav Suxanov və gürcü futbolçu Amberk İncibaşvilinin hazırlıq səviyyəsi sizi nə dərəcədə razı salır?
- Artıq çəkiləri var. Bu səbəbdən bir qədər ağırdırlar və özlərini tam göstərə bilmirlər. Bir az sol cinah müdafiəçisi mövqeyində oynayan futbolçuya, yəni Yaroslava üstünlük verərdim. Onunla müqavilə bağlamaq ehtimalı 90 faizdir. Bizə həmin mövqeyə oyunçu lazımdır. Üstəlik, Suxanov 1993-cü il təvəllüdlüdür və belə gənc legioneri komandamıza götürmək istərdik. Ancaq digər legionerlər hələ etimadımı doğrultmalıdırlar.

- İkinci hazırlıq mərhələsinin harada olacağını müəyyənləşib?
- Tovuzdakı hazırkı mərhələ bitəndən sonra futbolçulara istirahət verəcəyik. Yanvarın 25-dək fevralın 2-dək növbəti təlim-məşq toplanışı ya Bakıda, ya da Gürcüstanda olacaq.

- Hələ qış fasiləsində gedəcəyi gözlənilən legionerləriniz Salif Ballo ilə Ender Günlünün taleyi necə olacaq?
- Ballonun gedişi gündəmdədir. İstəyirik tez getsin. Əvvəl Salifə görə böyük transfer məbləği vardı.

- “Simurq” məhz buna görə geri çəkildi...
- Bəli. Onunla “Simurq”la yanaşı, “Qəbələ” də maraqlanırdı. Elə etmək istəyirik ki, həm özü, həm də bizim üçün yaxşı olsun.

- Bəs Ender?
- O, bizə demişdi ki, Türkiyəyə gedəndən sonra təklifi olarsa, bizi məlumatlandıracaq. Ancaq Enderlə sonradan ortaq məxrəcə gəldik. Belə razılaşdıq ki, mövsümün sonuna kimi bizdə oynasın.

- Komandadan getmək fikrində olan Fərid Quliyevin məsələsi də hələ açıq qalır...
- Başqa klubdan təklifi varsa, məsələsini tez həll etməlidir. Biz də həmin zaman ona maneçilik törətmərik.

- Quliyev və Ballo də gedirlərsə, sizə mütləq hücumçu lazımdır...
- Elə buna görə də hər 2 hücumçunun talelərinə tez aydınlıq gəlməyini istəyirik ki, bu mövqeyə oyunçu alaq. Düzdür, baxışa gələnlərdən Aleksey hücumçudur. Ancaq biz onu yetərli saymayaraq, ön xətti gücləndirmək fikrindəyik.

- Qapıçılarınız – yenidən “Turan”a dönən Kamal Bayramovla bağışlayaraq sıralarınıza qaytardığınız Andrey Popoviç özlərini necə göstərir?
- Yaxşı. Hazırda 3 qapıçımız var ki, daha birisi gənc Natiq Səhrətovdur. Bizə qapıçı lazım idi və Kamalı heyətimizə qatdıq. Andreyə isə sözümüzü demişik. İnsan gərək bundan nəticə çıxarsın.

Mehman SÜLEYMANOV