“Bakı”da rumıniyalı müdafiəçi
15.01.2013 - 16:59
“Bakı”da rumıniyalı müdafiəçi
“Bakı” bu gün Antalyada məskunlaşdığı “Rixos Premium” otelinin meydanında məşqə çıxıb. Apasport.az saytının məlumatına görə, əməliyyatdan sonra bərpa mərhələsi keçən kosta-rikalı hücumçu Uinston Parks istisna olmaqla, bütün futbolçular məşqə qatılıb.

Baş məşqçi Bojidar Bandoviçin hazırlıq planına əsasən gündə 2 dəfə məşq edəcək komandada əhval-ruhiyyə yüksəkdir. Səhər yeməyinin ardınca yerli vaxtla saat 10:30-da meydana çıxan futbolçular qızınma hərəkətlərinin ardından fiziki təmrinlər üzərində çalışıb.

Məşqin ikinci hissəsi toplu hərəkətlər üzərində qurulub. İki qrup halında çalışan futbolçular dəyişik hərəkətləri yerinə yetirərək məşğələləri qapıya zərbələr endirməklə başa çatdırıb.

90 dəqiqəlik məşqə düşərgəyə dəvət alan rumıniyalı futbolçu da qatılıb. Mərkəz müdafiəçisi ampluasında çıxış edən Klaudio Vikunun son klubu Moldovanın “Daçiya” klubu olub. Rumın futbolçu bir neçə gün baxışda olacaq.

Qeyd edək ki, komandanın axşam məşqi yerli vaxtla saat 18:00-a təyin olunub.