Rauf Əliyev “Şanlıurfaspor”a keçir?
15.01.2013 - 17:23
Rauf Əliyev “Şanlıurfaspor”a keçir?
“Azərbaycandan oyunçu almağı düşünürük”. Apasport.az saytının məlumatına görə, bunu “Şanlıurfaspor”un baş məşqçisi Bahri Kaya deyib.

Türkiyənin daha bir I dəstə klubu ölkəmizdən futbolçu almağı düşünür. Belə ki, bazada keçirilən məşqdən sonra Kaya mətbuat konfransı keçirib.

O, ölkəmiz və Mərkəzi Asiyanın türkdilli ölkələrindən futbolçu almaq istədiklərini dilə gətirib: “Komandaya kömək edə biləcək 3 futbolçu istəyirik. Transferdə bir az gecikdik. Alacağımız bütün yerli oyunçular başqa komandalarda yer aldı. Biz onsuz da yerli futbolçu artıq almayacağıq. Əcnəbi və türk respublikalarından oyunçu almağı fikirləşirik”.

Qeyd edək ki, Rauf Əliyev saytımıza verdiyi açıqlamasında Türkiyənin I dəstə klublarından birindən ciddi təklif aldığını bildirmişdi. Kim bilir, bəlkə də onun dediyi klub məhz “Şanlıurfaspor”dur. Şanlıurfa klubu hazırda çempionatda 22 xalla 11-ci pillədədir.