Çoviç “Xəzər Lənkəran”a lazım olacaqmı? - VİDEO
16.01.2013 - 11:10
Çoviç “Xəzər Lənkəran”a lazım olacaqmı? - VİDEO
“Xəzər Lənkəran”ın Antalya hazırlıqlarında düşərgəsinə cəlb etdiyi xorvatiyalı qapıçının kimliyi məlum olub. Apasport.az saytının xəbərinə görə, 22 yaşlı İvan Çoviç karyerası ərzində yalnız vətənində çıxış edib.

17 sentyabr 1990-cı il doğumlu qapıçı karyerasına ölkəsinin ən məşhur klubu Zaqreb “Dinamo”sunda başlayıb. Klubun U-19 komandasında çıxış etdiyi vaxt - 2008-ci il iyunun 11-də İvan Zapreşiç təmsilçisi “İnter”ə keçib.

Bu komandada “Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Dodo ilə birlikdə çıxış edib. Sonra isə onların yolları ayrılıb. Braziliyalı Zaqreb “Dinamo”suna keçib. Az sonra Çoviç də komandasını dəyişib. Həmin vaxtadək qapıçı “İnter”lə güclülər dəstəsində 5 oyun keçirib. 2008/09 mövsümündə cəmi 18 yaşı olan qolkiper debüt imkanı qazanmayıb. Əvəzində növbəti çempionat 5 qarşılaşmada iştirak edib.

2010-cu il iyunun 10-da qapıçının 2 illik “İnter” karyerası başa çatır. O “Hrvatska Draqovolyaç”a keçir. 2010/11 mövsümündə güclülər dəstəsində Çoviç 16 qarşılaşmada meydana çıxıb. Lakin o və komandası aşağı dəstəyə yuvarlanıb. Burada 2011/12 mövsümündə İvan daha çox – 24 qarşılaşmada iştirak edib. 2012/13 mövsümünün ilk yarısında isə İvan 13 dəfə meydana çıxıb.

194 sm boya və 84 kq çəkiyə malik Çoviç ümumilikdə güclülər dəstəsində 21, aşağı dəstədə 37 matçın iştirakçısı olub. O, əvvəllər ölkəsinin U-21 yığmasının da şərəfini qoruyub. Lakin Avro-2013-ün seçmə mərhələsinin oyunlarında meydana çıxmayıb.