Primeroya yüksələn futbolçu “Xəzər Lənkəran”da!
16.01.2013 - 12:46
Primeroya yüksələn futbolçu “Xəzər Lənkəran”da!
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” baxışa ispaniyalı futbolçu çağırıb. Apasport.az saytının məlumatına görə, 1984-cü il martın 30-da anadan olan Alvaro Silva müdafiənin mərkəzində çıxış edir. 187 sm boya malik futbolçu “Marbelya”, “Vaskes Kultural” və “Malaqa”nın uşaq-gənclər komandalarında yetişib.

2003-cü ildə peşəkar karyerasına başlayan Silva “Marbelya” ilə Sequnda B liqasında debüt edib. İlk mövsümdə 34 qarşılaşmaya çıxan futbolçu “Malaqa”ya keçib. Klubun B komandası ilə Sequndada 2 mövsüm keçirən müdafiəçi 58 qarşılaşmanın iştirakçısı olub.

2006/07 mövsümündə “Malaqa”nın əsas komandasına cəlb olunub. Sequndada mübarizə aparan komandada 46 matça çıxıb və çempionatda ilk qolunu vurub. Bu Xixon “Sportinq”i ilə matça təsadüf edib. 2008-ci ilin yayında Primeroya yüksələn “Malaqa” Alvaro ilə yollarını ayırıb. Komandasının dünyanın ən güclü çempionatına çıxmasında pay sahibi olan müdafiəçi “Xeres”ə üz tutub.

Növbəti 2 mövsümdə də Sequndada qalan Silva 2008/09-da “Xeres”də 20, 2009/10-da “Kadis”də 28 matç keçirib. 2010/11 mövsümündə klubu ilə Sequnda B-də çıxış edən müdafiəçi “Exiya” ilə qarşılaşmada qol sevinci yaşayıb. O, həmin mövsüm “Kadis”də 30 qarşılaşmaya çıxıb. 2011/12 mövsümündə “Heres”ə dönən arxa xətt oyunçusu Sequnda da cəmi 1 matç keçirdikdən sonra Rumıniyanın “Petrolul” klubuna transfer olunub.

Legioner karyerası 8 oyundan ibarət olan futbolçu 2012-nin yayında yenidən “Xeres”ə qayıdıb. Bu dəfə 12 oyunda meydana çıxıb Sequndada növbəti qolunu vurub. O, “Rekreativo”nu məyus edib.

Qeyd edək ki, Silva karyerası ərzində Sequndada 165 oyun keçirib 2 qol vurub, Sequnda B də isə 64 matçda 1 dəfə fərqlənib.